Parisə doğru: Azərbaycan üçün Olimpiadaların 20-cisi - TƏHLİL

Təhlil
15 Aprel 2024 17:38
845
Parisə doğru: Azərbaycan üçün Olimpiadaların 20-cisi - TƏHLİL

Azərbaycanın Yay Olimpiya Oyunlarında təmsil olunacağı idman növlərinin sayı 20-yə çatıb.

İdman.biz xəbər verir ki, müstəqillik tarixində 8-ci dəfə dördilliyin ən mötəbər multi-idman yarışına qatılacaq ölkəmiz Paris-2024-də basketbolda “siftə” edəcək.

Gimnastika (idman, bədii və batut), güləş (sərbəst, yunan-Roma və qadın) və atıcılığın (stend və güllə) növlərinin ayrı-ayrı hesablanmaması ilə əvvəlki 7 analoji yarışda Azərbaycan 19 fərqli növdə təmsil olunub. İlk komanda növü olacaq basketbol bu siyahıya 20-ci kimi düşəcək. Qeyd olunan üç idman növünün müxtəlif qollarını ayrı-ayrı nəzərə alsaq, bu rəqəm 25-ə çatar.

“Böyük altılıq”
Azərbaycan 6 idman növündə əvvəlki bütün Olimpiadalarda təmsil olunub. Bunlardan dördündə artıq Parisə də lisenziya əldə edilib. Boks, güləş, atıcılıq və atletika artıq 8-ə çatıb. Cüdo və üzgüçülükdə də 7 Olimpiya Oyunlarına qatılmışıq. Fransa paytaxtında hər iki növün 8-ə yüksələcəyi şübhə doğurmur.

XXI əsrin növləri
İki idman növündə də Paris-2024-ə lisenziya qazanılıb ki, bu, ardıcıl 6-cı belə hadisədir. Yalnız ötən əsrdə - 1996 və 2000-ci ildə həmin növlərdə təmsil olunmamışıq. XXI əsrdə inkişaf edən bu növlər gimnastika və taekvondodur.

Paris-2024-də 7 növ
İdmançılarımız Fransa paytaxtına artıq 17 vəsiqə qazanıb. Bunlar 6 idman növünü əhatə edir. Ardıcıl 8-ci dəfə təmsil olunacağımız “dördlük” və XXI əsrin iki növünə qoşulmaq sırası basketbola düşüb. Qadınlardan ibarət 3x3 millimiz tarix yazıb.
Əvvəlki oyunlarda daha çox növdə təmsil olunan millimiz bu dəfə də rəqəmi artırmaq imkanına malikdir. Cüdo və üzgüçülük, həmçinin qılıncoynatma, triatlon və badmintondan lisenziya gözləmək olar.
Atlanta-1996 – 9
Sidney-2000 – 8
Afina-2004 – 10
Pekin-2008 - 10
London-2012 – 14
Rio-2016 – 14
Tokio-2020 – 13
Paris-2024 - 7

Digərləri
Azərbaycanın Olimpiadaya idmançı göndərdiyi digər növlərdə fərqli sayda təmsil olunmuşuq. Ağırlıqqaldırma və qılıncoynatmada bu rəqəm 5-dir. Atletlərimiz son iki Olimpiadanı buraxıbsa, muşketyorlarımız fasilələrlə multi-idman yarışına gediblər. Son üç turnirdə iştirak edən velosipedçilərimizin seriyası isə Parisdə qırılacaq. Beş növdə iki Olimpiya Oyunlarına yollanan yığmamız üçün atçılıq və suyatullanma az qala tarixin yaddaşına köçübsə, kanoe-sprint və avarçəkməyə ümid bağlamaq olar. Amma triatlon ölkəmizə ardıcıl 3-cü dəfə Olimpiada həyəcanı yaşada bilər. Yalnız bir belə iştirakımız olan oxatma, karate və badmintondan yalnız sonuncusunda Fransaya yollanmaq ehtimalı yüksəkdir.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: