İdman, biz və Olimpiada: Medal “ovçuları” – TƏHLİL

Təhlil
28 İyun 2024 13:29
547
İdman, biz və Olimpiada: Medal “ovçuları” – TƏHLİL

İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 28 gün qalıb.

İdman.biz 4 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları davam etdirir.

Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırladıqdan, təmsilçilərimizin mükafat kolleksiyası və iştirakını nəzərdən keçirdikdən sonra multiidman tədbirlərindəki medal “ovçuları”mıza diqqət yetirəcəyik.

Bizim səkkizlik
Bəzi idmançılar Olimpiadaya mükafat ovuna çıxırmış kimi yollanır. İstəyinə bir neçə dəfə çatanları medal ovçusu saymaq mümkündür. Azərbaycan yığmasının tarixində səkkiz belə idmançı var. Onların medal kolleksiyası iki və ya daha çox olimpiya mükafatı ilə zəngindir. Təbii ki, idmançılarımız təkcə bir Olimpiadada 8 medal qazanmağı bacaran Maykl Felps kimi 28 dəfə fəxri kürsüyə qalxmayıb. Bu da başadüşüləndir. Uğur qazanan Azərbaycan idmançıları hər Olimpiya Oyunlarında yalnız bir medal üçün mübarizə aparır. Tarixdə yalnız bir neçə idmançımız – güllə atıcılığı, kanoe və trek velosipedində eyni Olimpiadada iki medal üçün yarışıb.

Yeddi pəhləvanla bir snayper
Birdən artıq olimpiya medalı qazanan idmançılarımız iki növü təmsil edir. Azərbaycan üçün ən uğurlu idman növü olan güləşdə 7 təmsilçimiz ən azı iki mükafata sahib olub. Onlardan beşi sərbəst, biri yunan-Roma, biri qadın güləşində fərqlənib. “Səkkizlik"də yalnız bir idmançı güləşçi deyil. Bu da atıcılığın payına düşür. Söhbət atıcılığın stend növündən gedir.

Gümüşü qızıla dəyişən pəhləvan
Olimpiya medallarının əyarına görə ən yaxşı Azərbaycan idmançısı adına iki şərik var. Onların hər ikisi sərbəst güləşçidir. İlk belə uğura Namiq Abdullayev imza atıb. Pəhləvanımız müstəqilliyin ilk iki Olimpiadasında finala yüksəlib. Atlanta-1996-da gümüşlə kifayətlənən güləşçi dörd il sonra Sidneydə bütün rəqiblərinə qalib gəlib. O, fərqli çəki dərəcələrində finala adlayıb. 52 kq çəkidə gümüşlə kifayətlənən Abdullayev çempionluğu 54 kq çəkidə bayram edib.

Finala yüksələn yeganə çempion
Abdullayevin rekordu 16 il sonra təkrarlanıb. Toğrul Əsgərov onun kimi Olimpiadalarda bir qızıl və bir gümüş medal qazanmağı bacarıb. Ardıcıl iki dəfə finala yüksələn idmançımız London-2012-də bütün rəqiblərinin kürəyini yerə vurub. O, Azərbaycan tarixində ilk və yeganə idmançıdır ki, çempion olduqdan sonra da finala adlayıb. Riodakı finalda uduzan pəhləvan gümüşlə kifayətlənib. O da fərqli çəkilərdə - öncə 60 kq, sonra 65 kq-da fərqlənib.

İki dəfə “gözündən vurub”
Ən azı iki olimpiya medalı qazanan, amma güləşçi olmayan yeganə təmsilçimiz Zemfira Meftahətdinovadır. Stend atıcımız skitdə uğur qazanıb. O, Azərbaycan tarixinə Olimpiadalarda iki mükafat qazanan ilk qadın idmançı kimi düşüb. Snayperimiz həm də çempion olduqdan sonra daha bir medal qazanan ilk təmsilçimizdir. Sidney-2000-də “quşu gözündən vuran” atıcımız dörd il sonra qızılı bürüncə dəyişib. Afina-2004-ün üçüncülüyü onu əyarına görə medal sıralamasında 3-cü yerin şəriklərindən biri edir.

Fərqli çəki, fərqli medal
İki idmançımız kolleksiyasında qızılla gümüş saxlayırsa, qızılla bürüncü qoşalaşdıranların da sayı ikidir. Meftahətdinovanın bu nəticəsi 12 il sonra təkrarlanıb. Bu dəfə də fərqlənən sərbəst güləşçi olub. Şərif Şərifov da öncə qızıla, dörd il sonra bürüncə yiyələnib. London-2012-də 84 kq çəkidə rəqib tanımayıb. Onun Rio-2016-da 86 kq çəkidəki qazancı isə bürünc olub.

“Bizim Maşa”
İki və daha çox mükafat qazanan digər dörd idmançımız çempionluq yaşamayıb. Medalların ümumi sayında mütləq rekord Mariya Stadnikə məxsusdur. İki və daha çox mükafat əldə edən yeganə qadın güləşçimiz qazandıqlarının əyarına görə 5-ci olsa da, say baxımından çox öndədir. “Bizim Maşa” qatıldığı dörd Olimpiadada fəxri kürsüyə qalxıb. London-2012 və Rio-2016-da yalnız finalda uduzan güləşçimiz Pekin-2008 və Tokio-2020-də bürünc əldə edib. İlk üç uğurunu 48 kq, son sınağında 50 kq çəkidə fəxri kürsüyə qalxan Stadnik Parisə də yollanacaq. 5-ci Olimpiadada 5-ci medal üçün döyüşəcək idmançımız kolleksiyasında olmayan qızılı qazanmağa layiqdir. Düzdür, karyerasının sonlarını yaşayan veteran lisenziyanı da çətinliklə əldə edib və favoritlərdən sayılmır. Lakin ortada Lionel Messi nümunəsi var. Karyerasının ən yaxşı illərində dünya çempionu ola bilməyən argentinalı yalnız 35 yaşında çatışmayan uğurunu əldə etdi. Çoxlarının dediyi kimi futbolun ona borcu var idi ki, sonda ödədi. Həmin məntiqə söykənsək, Olimpiadaların da Stadnikə qızıl borcu var və niyə də ödəməsin?

Finalların uğursuzu
Mariya Stadnik Olimpiadalarda iki final uduzan yeganə güləşçimiz deyil. Rövşən Bayramov da onun kimi ardıcıl iki yarışda həlledici görüşə qədər irəliləyib. Birdən artıq olimpiya medalı olan yeganə yunan-Roma güləşçimiz Pekin-2008 və London-2012-də buna imza atıb. Hər iki yarışda onun qazancı gümüş olub. “Klassik”imiz bu cəhdlərini 55 kq çəkidə gerçəkləşdirib.

Het-trik müəllifi
Azərbaycan tarixində yalnız iki idmançı olimpiya medallarının sayında “2”ni də arxada qoyub. Mükafatların ümumi sayında ikinci yer Xetaq Qazyumova məxsusdur. Sərbəst güləşçimiz üç dəfə fəxri kürsüyə qalxıb. Amma həmişə çempiona kənardan baxmalı olub. Pekin-2008 və London-2012-nin bürüncünü əldə edən pəhləvanımız ilk finalını Rio-2016-da görüb. Amma həlledici görüşdəki yenilgi ona yalnız gümüş qazandırıb. Mükafat sayında het-trikə imza atan güləşçimiz bürüncləri 96 kq, gümüşü 97 kq çəkidə əldə edib.

Parisdə unikal göstərici arzusunda
Azərbaycan idman tarixində heç kim Olimpiadalarda bütün əyarlı mükafatları toplamayıb. Paris-2024-də kolleksiyasını tamamlamaq imkanına iki güləşçimiz malikdir. Stadnik kimi Hacı Əliyev də növbəti uğur üçün Fransa paytaxtına gedir. O, daha az mükafat qazansa da, qızıldan başqa hər şeyi var. 2016-cı ilin bürüncünə sahib çıxan pəhləvan 2020-ci ildə finalda büdrəyib. Üçüncü mükafatı daha yüksək əyalı etmək isə Əliyevin öz əlindədir. Ən azı iki medalı olan və Parisdə də iştirak edəcək iki güləşçimizdən hansı qızıl əldə etsə, idmançılarımızın medal sıralamasının zirvəsini ələ keçirəcək.

Qeyd edək ki, Azərbaycan yığmasının Olimpiya Oyunlarında qazandığı 49 medala ümumilikdə 38 idmançı sahib çıxıb.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: