Rauf Məmmədov: “Şəhriyarın mübarizəni erkən dayandırması bəxtsizlikdir”

Xəbərlər
5 Avqust 2023 11:27
102
Rauf Məmmədov: “Şəhriyarın mübarizəni erkən dayandırması bəxtsizlikdir”

"Şəhriyar kimi şahmatçının mübarizəni erkən dayandırması mənə görə bəxtsizlikdir".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Rauf Məmmədov komanda yoldaşı Şəhriyar Məmmədyarovun Bakıda keçirilən Dünya Kuboku ilə erkən vidalaşması barədə danışarkən deyib.

O, turnirin rəsmi saytına açıqlamasında səbəb kimi bəxtsizliklə yanaşı, şahmatın səviyyəsinin qalxmasını göstərib: "Hazırda 2300 əmsala malik olan şahmatçını məğlub etmək asan deyil. Şəhriyarın rəqibi yaxşı şahmatçıdır. Məncə, sinqapurlu Tin Jinqao əmsalını 2700-ə çatdıracaq, uğurları qarşıdadır".

Dünya Kubokunda III mərhələyə vəsiqə qazanan Rauf Məmmədov tay-brekdəki qələbəsini də dəyərləndirib: "Tay-brekdən öncə gecəni çox pis yatmışdım. Ona görə oyun çətin keçdi. Dünya Kubokunun yeni qaydalarında armageddon yoxdur. Bu, çətinlik yaradır. Heç-heçələrlə növbəti mərhələyə çıxmaq mümkün olmur. Məşqçi Aleksandr Xalifmana təşəkkür etmək istəyirəm. Tay-brekdə onun köməyindən istifadə etdim və qalib oldum. Xalifmanla həm də dostluq münasibətlərimiz var".

Üçqat Avropa çempionu növbəti mərhələdə qarşılaşacağı FİDE təmsilçisi Yan Nepomnyaşi barədə fikirlərini də bölüşüb: "Növbəti oyuna hazırlaşmaqdan çox rahat dincəlməyi düşünürəm. Yan Nepomnyaşi kifayət qədər güclü şahmatçıdır, vitse-dünya çempionudur. Ən yaxşı oyunumu göstərməyə çalışacağam".

Qeyd edək ki, Dünya Kubokunda III mərhələyə bu gün start veriləcək.

İdman.biz