Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daha bir idmançı əlavə olunub.
İdman.biz-in məlumatına görə, Sənan Süleymanov Fransa paytaxtına yollanacaq komandanın sayını 6-ya çatdırıb.
77 kq çəkidə çıxış edən yunan-Roma güləşçisi bu uğura Belqradda davam edən dünya çempionatında gümüş medal qazanmaqla imza atıb. Mundialda ikinci olan sərbəst güləşçi Maqomedxan Maqomedovun (97 kq) nəticəsi də nəzərə alınmaqla, güləşçilərimizin artıq iki lisenziyası var.
Bundan əvvəl çəkic atmada Anna Skidan Budapeştdə keçirilən dünya çempionatında normativi yerinə yetirərək, vəsiqəyə yiyələnib.
Krakovda keçirilən Avropa Oyunlarında isə boksçular iki lisenziya qazanıblar - Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq). Güllə atıcısı Ruslan Lunyovun da Parisə bileti var.
Qeyd edək ki, güləş üzrə lisenziyalı dünya çempionatı davam edir və idmançılarımızın Olimpiya Oyunlarında təmsilçiliyini artırmaq şansı var.
Nicat Zəkiyev
İdman.biz