Fərid Qayıbov: “İnanırıq ki, “Üzgüçülük hamı üçün” daha da populyar olacaq”

Müsahibə
2 İyun 2024 16:31
550
Fərid Qayıbov: “İnanırıq ki, “Üzgüçülük hamı üçün” daha da populyar olacaq”

“İkinci ildir ki, “Üzgüçülük hamı üçün” yarışını keçirdirik”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Qayıbov bildirib ki, yarışın ilk ilində Azərbaycanın bütün regionlarından olan iştirakçılar həlledici mərhələyə qatılıblar: “Amma bu il fərq odur ki, yarışımız artıq beynəlxalq status daşıyır və bir neçə ölkədən olan idmançılar iştirak edirlər. İnanırıq ki, növbəti illərdə say artacaq və bu unikal yarış daha da populyar olacaq. Üzgüçülüklə məşğul olanlar insanlar bu gün yarışırlar. Əsas məqsəd insanların sağlamlıqlarının təmin edilməsidir. Ölkəmizdə üzgüçülüklə yanaşı, digər idman növləri üzrə kütləvi yarışlar keçirilir”.

Nazir qeyd edib ki, məhz belə yarışlara müxtəlif yaş qruplarından olan insanlar, hətta 60 yaşdan yuxarı olan şəxslər də qatılırlar: “Amma kiçik yaş qruplarından olan insanlar da burada var. İl ərzində məktəblər arasında uşaqlara üzgüçülüyü öyrədirik. Bu, 4 həftəlik proqramdır və müxtəlif regionlarımızda artıq bu layihə həyata keçirilir. Məhz bu proqramlar sayəsində məşqçilərimiz istedadlı uşaqları seçib selleksiya edib, sonradan peşəkar idmana gətirə bilirlər”.

Qeyd edək ki, yarışın final mərhələsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikası idmançıları 15 yaş kateqoriyasında yarışacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz