İlkə imza atan türkiyəli: “İdman kitablarında adımın çəkilməsi möhtəşəm bir hissdir”

Müsahibə
3 İyun 2024 12:05
533
İlkə imza atan türkiyəli: “İdman kitablarında adımın çəkilməsi möhtəşəm bir hissdir”

“Azərbaycanda keçirilən “Üzgüçülük hamı üçün” yarışında iştirak etdiyim üçün çox məmnunam”.

Bunu İdman.bizə türkiyəli üzgüçü Nəsrin Arslan deyib.

O, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsini dəyərləndirib. Arslanın sözlərinə görə, müəyyən səviyyələri keçərək həlledici mərhələyə yüksəlib: “Bir ilkə imza atanın burada da yaxşı nəticə qazanacağına inanırdım. Azərbaycan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına dərin təşəkkür edirik. Çox möhtəşəm şəkildə bizi qarşılayıb, qonaq etdilər. Bakı və qaldığımız yerlər çox gözəldir. Su İdman Sarayı olduqca əla yerdir. Buradakı su faktoru çox fərqlidir. Bu səbəbdən insan rahatlıqla suda üzə bilir. İlk dəfədir burada oluram”.

Marş dənizini - İngiltərədən Fransaya üzərək rekord vuran Arslan tarixdə qalacağı üçün xoşbəxt olduğunu da dilə gətirib: “Mən 15 saat 47 dəqiqəyə üzdüm. Müsbət 13 dərəcə suda bunu bacardığım üçün çox xoşbəxt idim. Hələ də idman kitablarında adımın bu şəkildə çəkilməsi möhtəşəm bir hissdir”.

67 yaşlı veteran üzgüçü 7 yaşından etibarən bu idman növü ilə məşğul olduğunu deyib: “60 ildir üzürəm. Bədən tərbiyəsi müəlliməsiyəm və üzgüçülük üzrə dərslər verirəm. Bu günə qədər minlərlə uşağa bu sahədə kömək etmişəm. Açıq dəniz yarışlarında da iştirakımı davam etdirirəm. Türk dünyasındakı bütün gənc qadınlara ilham olmağa çalışıram”.

Qeyd edək ki, final mərhələsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikası idmançıları 15 yaş kateqoriyasında yarışırlar.

Banuçiçək Hüseynli
İdman.biz