Noyabrın 20-də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinın birgə təşkilatçılığı ilə üzgüçülük üzrə məşqçilər üçün növbəti seminar keçirilib.
Federasiyanın mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, milli komandasının baş məşqçisi Rəşad Əbdürrəhmanovun təlimçisi olduğu dərslərə Mərkəzi Aran, Şəki, Zaqatala, Qarabağ, Gəncə, Daşkəsən, Qazax və Tovuzdan 20-yə yaxın mütəxəssis qatılıb.
Seminarda 6-8 yaşlı uşaqlarda ilkin öyrədilmə məşqlərinin planlaşdırılması və bioloji xüsusiyyətlərin məşq planına uyğunlaşdırılması, valideynlərlə işin təşkili və ünsiyyət, o cümlədən sərbəst və arxası üstə üzmə üsulunun öyrədilmə metodikası, texnikaların inkişafına yönələn tapşırıqlar tədris olunub.
Məşqçilərə mövzular əyani vasitələr və xüsusi texnologiya vasitələri ilə göstərilib, sonda mövzularla bağlı müzakirələr aparılıb.
Seminarda iştirak edən təlimçilərə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən sertifikat təqdim olunacaq.
İdman.biz