"Bu yarış üçüncü dəfə keçirilir. Əvvəlkilərdən fərqli olaraq, bu dəfə iştirakçı sayında artım var".
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda üçüncü dəfə keçirilən “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, son illər bu idman növünə olan maraq daha da artıb: "Üzgüçülük hamı üçün” layihəsində müxtəlif yaş kateqoriyasından olan idmançılar iştirak edirlər. Ən kiçik idmançının 9 yaşı var. Bu da sevindirici məqamdır. Çünki üzgüçülük insanların sağlamlığı baxımından çox önəmlidir. Bu idman növündə kütləviliyi artırmaq üçün müəyyən layihəyələr həyata keçiririk. Azərbaycanda hovuzların sayı da artıb. Hamımız insanları idmana dəvət edirik".
Qeyd edək ki, "Üzgüçülük hamı üçün" layihəsinə bu gün yekun vurulacaq. 14 yaş kateqoriyası üzrə baş tutan yarışın qalibləri Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında 2025-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
Emin Ağa
İdman.biz