Azərbaycan Üzgüçülük Federasiyasının və ölkənin psixoloji mərkəzlərindən birinin təşkilatçılığı ilə su polosu üzrə millinin üzvləri üçün “Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda seminar keçirilib.
İdman.biz xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Görüşdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi barədə danışılıb.
Çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə “ağ ölüm” adlandırılan və cəmiyyətimizin əsas bəlalarından olan narkomaniya, onun fəsadları, yarada biləcəyi faciələr, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışıb.
O vurğulayıb ki, idmançıların fiziki durumları ilə yanaşı sağlamlıqları, psixoloji durumlarının yüksək səviyyədə olması çox önəmlidir:
“Əgər idmançılarımızın yüksək nəticələr qazanmasını istəyiriksə və hamılıqla buna çalışırıqsa, bunun üçün onların həm fiziki, həm də psixoloji-mental hazırlığının birgə vəhdətini formalaşdırmalıyıq. Bunun üçün komandaların məşqçilər korpusu ilə yanaşı psixoloq, dietoloqların məsləhətləri də faydalı olacağını düşünürük. Bu gün biz hamılıqla “Narkomaniyaya yox” dedik. O cümlədən də dəyərli mütəxəssislərimiz idmançılarımıza öz sahələri üzrə məsləhətlərini verdilər. Belə seminarlar davamlı olacaq və federasiyanın tabeliyində olan digər idman növləri üzrə olan idmançılara da keçiriləcək”.
Sonra psixoloji mərkəzinin rəhbərliyi və psixoloqları idmançılar üçün mühazirələrlə çıxış ediblər. Onlar da narkomaniyanın dəhşətli fəsadları, cəmiyyətə vurduğu ziyanlardan danışıblar.
Su polosu üzrə millinin baş məşqçisi, yunanıstanlı mütəxəssis Panayotis Xronopulos bu seminarların çox böyük effekti olacağını bildirib.
Seminarda bu kimi tədbirlərin davamlı olacağı və müntəzəm təşkil ediləcəyi diqqətə çatdırlıb.
İdman.biz