"Çexiyadakı Qran-pridə qazandığımız medalların sayı daha çox ola bilərdi".
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın üzgüçülük millisinin məşqçisi Rəşad Əliyev Çexiyada keçirilən dünya çempionatına lisenziya xarakterli XXXII Ostrava Qran-prisində qazanılan nəticələri dəyərləndirərkən deyib.
Mütəxəssis nəticələrdən tam razı qalmadıqlarını bildirib: “Çexiyadakı Qran-pridə Azərbaycanı 9 idmançı və 3 məşqçi ilə təmsil etdik. Yarışa 5 ölkədən 350-dən çox idmançı qatılmışdı. Azərbaycanla yanaşı, Çexiya, Fransa, Sloveniya və Polşa da təmsil olunurdu. İdmançılarımız 2 qızıl, 8 gümüş, 7 bürünc medal qazandılar. Süleyman İsmayılzadə 804 balla yarışın ikinci ən güclü idmançısı seçildi. Oqtay Hüseynov isə 798 balla üçüncü oldu. Nəticələrdən tam razı qalmadıq. Çünki medalların sayı daha çox ola bilərdi. Idmançılardan bəziləri gözləntiləri doğrultmadılar".
O, iştirak edəcəkləri növbəti yarışlarla bağlı sualı da cavablandırıb: “Növbəti həfəfimiz U-23 Avropa çempionatıdır. Slovakiyada baş tutacaq yarışda 23 yaşa qədər idmançılarımız - Ramil Vəlizadə, Əbdürrəhman Rüstəmov, Rəşad Ağaquliyev və Fatimə Alkərəmova iştirak edəcək. Daha sonra, iyulda Slovakiyada yeniyetmələrin Avropa çempionatı təşkil olunacaq. Bu yarışda Süleyman İsmayıılzadə və Oqtay Hüseynov güclərini sınayacaqlar. Süleyman 400 və 1500 metr məsafəyə sərbəst üsulda dünya çempionatına lisenziya qazanıb. Dünya çempionatının iyulun sonu-avqustun əvvəlində Sinqapurda keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Azərbaycan üzgüçüləri Qran-pridə ümumilikdə 17 medal qazanıblar.
İdman.biz