Qaşım Maqomedov Olimpiadaya lisenziya söz verib: "Sonra yaxşıca istirahət edəcəm”

Müsahibə
15 Dekabr 2023 11:27
261
Qaşım Maqomedov Olimpiadaya lisenziya söz verib: "Sonra yaxşıca istirahət edəcəm”

“Böyük Dəbilqə”nin final mərhələsinə vəsiqə qazandığım üçün çox şadam. Hər şey zədəsiz keçdi, çıxışımdan razı qaldım. Əsas mərhələdə də eyni tempdə davam edəcəm”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin taekvondoçusu Qaşım Maqomedov (58 kq) deyib.

Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin təsnifat mərhələsinin qalibi adına yiyələnən yığma üzvü bildirib ki, yarışda ən çətin döyüşü koreyalı idmançıya qarşı olub: “4 döyüş keçirdim. İlk iki döyüşümü yerli idmançı ilə, üçüncüdə iranlı, finalda isə koreyalı taekvandoçu ilə qüvvəmi sınadım. Ən çətin görüşüm finala təsadüf etdi. Çünki həlledici qarşılaşmalarda kiçik səhv hər şeyi həll edir. Düşünürəm ki, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazansam, orda əsas rəqibim elə özüm olacam. Bu mötəbər yarışa sadəcə fiziki yox, həm də ruhən hazır olmalısan”.

Avropa çempionu ili müsbət notlarda bitirmək istədiyini də vurğulayıb: “Prinsipcə, ili yaxşı keçirdim. Bakıda keçirilən dünya çempionatında yumşaq desək, uğursuz çıxışa baxmayaraq, sonra Avropa Oyunlarında bürünc, Avropa çempionatında da qızıl medal qazandım. İlin son yarışı - “Böyük Dəbilqə”nin finalında da qalib gəlib və lisenziyaya yiyələnərək Olimpiada öncəsi yaxşıca istirahət edəcəm”.

Qeyd edək ki, Qaşım Maqomedov dekabrın 17-də “Böyük Dəbilqə”nin final mərhələsində çıxış edəcək. Taekvandoçumuz bu turnirdə də qalib gələcəyi təqdirdə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Emin Ağa
İdman.biz