Qaşım Maqomedov: “Onun üçün hər şeyi edəcəm” - MÜSAHİBƏ

Müsahibə
9 Yanvar 2024 17:17
538
Qaşım Maqomedov: “Onun üçün hər şeyi edəcəm” - MÜSAHİBƏ

Azərbaycan millisinin taekvondoçusu Qaşım Maqomedovun (58 kq) İdman.bizə müsahibəsi

- 2023-cü il dünya çempionatında uğur qazana bilməsən də, sonradan Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etdin. İli necə qiymətləndirirsən?

- Hadisələrlə zəngin və eniş-yoxuşlarla dolu bir il idi. Sevindiricidir ki, istəyimə çatdım. Olimpiadaya lisenziya qazana bildim.

- Yeni ildə bu uğurun ardını gətirmək çətin olmayacaq?

- 2024-cü ildə karyeramın ən yaxşı formasını yığmağı hədəfləmişəm. Bu səbəbdən də Paris-2024-dən Azərbaycana qızıl medal gətirmək istəyirəm.

- Onda gərgin məşqlərə ara verməməlisiz...

- Bunun üçün hər şeyi edəcəm. Çünki qızıl medalın mənim olmasını çox istəyirəm.

- Olimpiadaya xüsusi proqramı üzərində işləməyə başlamısınız?

- Doqquz aydır Dağıstanda olmadığım üçün millinin baş məşqçisi Məmməd Abdullayev mənə bir az istirahət verdi. İki həftəlik məzuniyyətə çıxmışam. Gəlib Ailəmi gördüm, yeni enerji ilə doluyam və Olimpiadaya hazıram.

- Parisdə keçiriləcək yarışında artıq bəzi rəqiblərin dəqiqləşib. Bu barədə nə deyə bilərsən?

- Mən hər şey üçün hazıram. Bütün il ərzində güclü rəqiblərlə görüşmüşük və hər birinə də müqavimət göstərməyi bacarmışam. Ona görə də bu məni heç də qorxutmur. Artıq Olimpiadada iştirak hüququ qazanmağın özü də zəif rəqib olmadığımı göstərir.

Banuçiçək Hüseynli
İdman.biz