Altı ildən sonra: 17-ci medal

Xəbərlər
1 Oktyabr 2024 16:31
249
Altı ildən sonra: 17-ci medal

Azərbaycan millisi gənc taekvondoçular arasında dünya çempionatlarında 17-ci medalını qazanıb.

İdman.biz xəbər verir ki, Cənubi Koreyadakı mundialda bürünc medal əldə edən Vasif Səlimova qədər gənclərimiz 16 dəfə fəxri kürsüyə qalxıblar.

63 kq çəkidə fərqlənən idmançımız həm də bu yarışlarda mükafat həsrətinə son qoyub. Sonuncu dəfə təmsilçilərimiz 2018-ci ildə medal qazanıblar. Həmin vaxt Cavad Ağayev qızıl, Xanoğlan Kərimov gümüşə sahib çıxıb. Maraqlıdır ki, son çempionumuz da 63 kq çəkidə fərqlənib. Gümüş isə 51 kq çəkidə əldə olunub. 2020-ci ildə koronavirusa görə mundial keçirilməyibsə, 2022-ci ildə yığmamız medalsız qalıb.

Vasif turnirin tarixində Azərbaycanın 8-ci bürüncünün müəllifi olub. İdmançılarımız 4 qızıl və 5 gümüşə də sahib çıxıblar.

Qeyd edək ki, 1996-cı ildən keçirilən gənclərin dünya çempionatı 14-cü dəfə təşkil olunub. Azərbaycan ilk medalını 1-ci mundialda qazanıb. 1996-cı ildə Fəqan Umudov 72 kq çəkidə gümüşə yiyələnib.

Vüqar Xeyrullayev
İdman.biz