Fəridə Əzizova: “İnkişaf üçün xüsusi proqramlar hazırlayacağıq” - MÜSAHİBƏ

Müsahibə
7 Noyabr 2024 13:29
174
Fəridə Əzizova: “İnkişaf üçün xüsusi proqramlar hazırlayacağıq” - MÜSAHİBƏ

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisinə yeni məşqçi təyin olunan Fəridə Əzizovanın İdman.bizə müsahibəsi

- Karyeranınızı məşqçi kimi davam etdirəcəksiz. Sizcə, idmançı kimi qazandığınız uğurların ardını gətirə biləcəksiz?

- Bu vəzifəyə təyin olunmağım mənim üçün böyük bir şərəf və məsuliyyətdir. Gənc idmançılarımızın inkişafına dəstək olmaq, onlara öz bilik və təcrübəmi ötürmək üçün əlimdən gələni edəcəm. Etimadı doğrultmaq və taekvondoçularımızın beynəlxalq arenalarda uğurlu çıxışı üçün səylə çalışacam.

- Təklif necə gəldi?

- Həmişə düşünürdüm ki, karyeramı başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərim. Bildiklərimi gənc idmançılarla bölüşüb, onların inkişafına dəstək olmaq istəyirəm. Takevondoçu kimi keçdiyim uzun yol və qazandığım təcrübə mənə bu vəzifəni qazanmağa yardım etdi. Nailiyyətlər və rəhbərliyin dəstəyi ilə artıq bu mərhələyə gəlib çatmışam. Hər addımda öz üzərimdə işləyərək, biliklərimi artırmağa çalışdım ki, gənc idmançılarımıza layiqincə yol göstərə bilim.

- Məşqçi kimi hədəflərin nə olacaq?

- Qarşıda gənclərimizi daha yüksək səviyyəyə çatdırmaq, onların beynəlxalq yarışlarda uğur qazanmaları üçün xüsusi məşq proqramları hazırlamaq planımız var. Məqsədimiz onları hər bir çətinliyə hazırlamaq, güclü taekvondoçu kimi yetişdirməkdir. Eyni zamanda, bu növün ölkəmizdə daha da geniş yaymaq, kütləviliyinə nail olmaq və yeni nəsil idmançılar yetişdirmək üçün müxtəlif layihələr həyata keçirməyi planlaşdırırıq.

Banuçiçək Hüseynli
İdman.biz