Azərbaycan klubunun məşqçisi: "Avropa çempionatındakı nəticə təsadüfi deyil"

Xəbərlər
15 Aprel 2025 20:05
51
Azərbaycan klubunun məşqçisi: "Avropa çempionatındakı nəticə təsadüfi deyil"

"Bu nəticə təsadüfi deyil".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Altay" taekvondo klubunun məşqçisi Murad Həsənov deyib.

Mütəxəssis Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında komandanın ikinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb: "Bu, klub üçün xüsusi əhəmiyyət kəsb edən yarış oldu. Turnirdə 30-dan çox ölkədən 1200-ə yaxın idmançı iştirak edirdi və yüksək səviyyəli rəqabət şəraiti hökm sürürdü. Çətin və məsuliyyətli yarışda komandamız ümumi hesabda ikinci yeri tutaraq, beynəlxalq arenada ilk ciddi uğuruna imza atdı. Aylarla davam edən məşqlər, idmançılarımızın intizamı və mübarizə ruhu bizə bu nailiyyəti qazandırdı. Hər bir idmançımız ölkəmizi layiqincə təmsil etdi. “Altay” klubunun bu uğuru bir başlanğıcdır".

O, qarşıdakı məqsədlər barədə də danışıb: "Milli yarışlarda, beynəlxalq arenada daha da uğurlu nəticə qazanmaq, ölkəmizi yüksək səviyyədə təmsil edə biləcək yeni nəsil peşəkar taekvondoçular yetişdirmək istəyirik. Bu yolda bizimlə birgə olan və klubumuzu dəstəkləyən hər kəsə minnətdaram. Xüsusilə bu uğurumuzun əldə olunmasında bizə dəstək olan Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkür edirik".

Qeyd edək ki, klublararası Avropa çempionatı kiçikyaşlı yeniyetmələr arasında keçirilib.

İdman.biz