Azərbaycan Triatlon Federasiyası milli komandaya yeni idmançıların qəbulunu təmin etmək məqsədilə testlər təşkil edib.
İdman.biz xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Bildirilir ki, sınaq nəticəsində idmançıların fiziki hazırlıq səviyyəsinin yoxlanılması ilə bərabər onların texniki və taktiki bacarıqları da qiymətləndirilib. Məşqçi heyəti hər bir idmançının fərdi göstəricilərinə diqqət yetirərək, onların potensialını müəyyən etməyə və ən yaxşıları seçməyə çalışıb.
Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseynov bildirib ki, son illərdə bu idman növü ölkədə əhəmiyyətli dərəcədə inkişaf edib və idmançılar arasında bu sahəyə maraq durmadan artır: “Əvvəllər triatlonla məşğul olan hər bir şəxs milli komandaya daxil olmaq üçün müraciət edə bilirdi. Lakin hazırda vəziyyət fərqlidir. Artıq milli komandaya üzv olmaq üçün idmançılar və klublar arasında ciddi bir seçim prosesi həyata keçirilir. Bu, triatlonun ölkədə daha da inkişaf etməsi və kütləviləşməsindən xəbər verir".
İdman.biz