Ziya Rəcəbov: “Ayşən Əbdüləzimova ”Turan”ın döyünən ürəyidir” – İDMAN.BİZ TOVUZDAN - VİDEO

9 Noyabr 2026 21:17
305
Ziya Rəcəbov: “Ayşən Əbdüləzimova ”Turan”ın döyünən ürəyidir” – İDMAN.BİZ TOVUZDAN

“Turan” qadın voleybol komandasının prezidenti Həsən Zeynalov və baş məşqçisi Ziya Rəcəbov Bolqarıstanın “Maritsa” komandası ilə CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz-in Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, klub rəhbərliyi və baş məşqçi komandanın qrup mərhələsinə yüksəlmək perspektivlərini dəyərləndiriblər.

Həsən Zeynalov qrup mərhələsinə vəsiqə qazanılacağı təqdirdə “Turan”ın büdcəsinə nə qədər vəsait daxil olacağı və həmin maliyyənin hansı istiqamətlərə yönəldiləcəyi ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, futboldan fərqli olaraq, voleybolda qrup mərhələsinə yüksəlmək kluba əlavə maliyyə qazancı gətirmir. Əksinə, həmin mərhələdə iştirak üçün klub müəyyən ödənişlər etməlidir. Bununla belə, Zeynalov qrup mərhələsinə vəsiqə qazanmağın Azərbaycan və Tovuz voleybolu üçün böyük motivasiya olacağını vurğulayıb.

Klub prezidenti qrup mərhələsinə yüksələcəkləri təqdirdə ev oyunlarının harada keçiriləcəyinə də aydınlıq gətirib:

“Sabahkı oyundan sonra bu barədə düşünəcəyik. Əslində, CEV rəhbərliyi ilə bununla bağlı bir dəfə danışığımız olub. Hadisələri qabaqlamaq istəmirik. İstərdik ki, oyunlarımızı Tovuzda keçirək. Hər gün azarkeşlərimizin sayı artır, artıq 2000 nəfərə çatıb. Əgər CEV burada oyunların keçirilməsinə icazə verməsə, növbəti seçimimiz Gəncə İdman Sarayı olacaq, bu barədə onlara da bildirmişik”.
Zeynalov heyətin gücləndirilməsi ilə bağlı suala cavabında komandanın ən azı yanvar ayına qədər tam komplektləşdirildiyini bildirib. Onun sözlərinə görə, mövcud reqlamentdə legioner limiti nəzərdə tutulur. Yanvarda bu məsələyə yenidən baxılması, zərurət yaranacağı təqdirdə isə federasiya ilə müzakirələr aparılması mümkündür.

Klub prezidenti komandanın eyni vaxtda bir neçə turnirdə mübarizə aparmaq imkanlarını da yüksək qiymətləndirib:

“Heyətimiz Ziya müəllim tərəfindən formalaşdırılıb. Nəinki iki, hətta üç cəbhədə də mübarizə apara bilərik. Həm oyunçularımızın sayı və təcrübəsi, həm də fiziki gücü buna imkan verir”.

Baş məşqçi Ziya Rəcəbov isə Bolqarıstanın “Maritsa” komandası üzərində səfərdə qazanılan 3:0 hesablı qələbədən sonra heyətdə arxayınçılığın yaranması ehtimalına münasibət bildirib:

“Arxayınçılıq olmayacaq. Çünki bunun nəticəsini bir dəfə görmüşük. Həmin vaxt hesab 3:2-yə qədər gəlib çıxdı, hətta məğlub da ola bilərdik. Qızlarımızın təcrübəsi sayəsində oyunu xilas etdik. Uzun səfər və arxayınçılıq belə vəziyyətin yaranmasına səbəb olmuşdu”.

Mütəxəssis komandanın hazırkı vəziyyətindən razı olduğunu, lakin heyətdə zədə probleminin qaldığını bildirib:

“Komandanın hazırkı durumu çox yaxşıdır. Alternativ variantlarımız var. Sadəcə, Marta Drpanın vəziyyəti hələ tam aydın deyil. O, Xorvatiyada keçirilən oyunda zədələndi. Ümid edirik ki, bir aya meydana qayıdacaq”.

Rəcəbov Xorvatiyanın “Mladost” komandası ilə qarşılaşmadan fərqli olaraq, Bolqarıstanda “Maritsa”ya qarşı görüşdə Ayşən Əbdüləzimovsnın meydana çıxmamasının səbəbini də açıqlayıb:

“Ayşən komandamızın döyünən ürəyidir. Həm oyunçu, həm də insan kimi çox xarakterlidir, sona qədər mübarizə aparır. Sadəcə, “Maritsa”nın voleybolçularının boy üstünlüyünü nəzərə alaraq, Ayşənə deyil, Mariya Krilyuka üstünlük verdik. Ayşən sürətli oynayan voleybolçudur və bizim üçün çox vacibdir. Onun oynamaması sırf taktiki qərar idi”.

Baş məşqçi İtaliya klublarının daha sürətli voleybola üstünlük verdiyini və belə rəqiblərə qarşı Ayşənin xüsusiyyətlərindən yararlanmağın mümkün olduğunu qeyd edib:

“İtaliya komandaları daha sürətli oynayırlar. Buna görə də onlara qarşı fərqli taktika seçmək lazımdır. Ayşənin sürəti belə oyunlarda bizim üçün vacib ola bilər”.

Rəcəbov “Maritsa”nın cavab qarşılaşmasında zəif çıxış edəcəyi barədə fikirlərlə də razılaşmayıb. O, Bolqarıstan təmsilçisinin səfərdə də uğurlu oynamaq bacarığına malik olduğunu vurğulayıb:

“Onların səfərdə daha yaxşı çıxış etdikləri oyunlar da olub. Monteneqro komandası ilə qarşılaşmada 3:1 hesablı qələbə qazanıblar. Buna görə də rəqibin məğlubiyyətlə barışdığını düşünmürəm. Uzun səfər müəyyən qədər təsir edə bilər. Onların heyətində boyu 1,90 metrdən çox olan voleybolçular var. Hər şeyi sabahkı oyun göstərəcək”.

Baş məşqçi qrup mərhələsində mümkün rəqiblər barədə də fikirlərini bölüşüb. O, həmin mərhələdə İtaliya klubları da daxil olmaqla, güclü komandalarla qarşılaşa biləcəklərini bildirib.

“Çox çətin rəqiblərimiz var. Bəlkə də Serbiya təmsilçisini digərlərinə nisbətən zəif hesab etmək olar. Amma bu barədə düşünmürük. Çünki qrup mərhələsində zəif komanda olmur”.

Azərbaycan Superliqasının səviyyəsinə toxunan Rəcəbov daxili çempionatda rəqabətin daha da güclənməsini arzuladığını bildirib:

“Bizim iddiamız böyükdür. İlk ilimizdə çempion olduq. Təbii ki, bu, böyük məsuliyyətdir. İkinci ildə də həmin uğuru davam etdirmək istəyirik. Amma qarşımızdakı rəqiblər zəif deyil. Yaxşı komandalar var, güclü transferlər ediblər. İstərdik ki, Azərbaycanda rəqabət daha güclü olsun. Bu, Avropada bizə kömək edər. Elə komandalarımız olsa ki, onlarla başabaş mübarizə aparaq, xaricdə təlim-məşq toplanışı keçirməyə də ehtiyac qalmaz. Hazırlığımızı ölkəmizdə keçirə bilərik. Bu, Azərbaycan voleyboluna və milli komandamıza da fayda verər”.

Rəcəbov yerli voleybolçuların daha çox oyun təcrübəsi qazanmasının milli komandanın inkişafına müsbət təsir göstərəcəyini bildirib. O, Azərbaycan Voleybol Federasiyasının həyata keçirdiyi inkişaf planlarının nəticələrinin qarşıdakı dörd-beş il ərzində daha aydın görünəcəyini düşündüyünü qeyd edib.

Mütəxəssis Azərbaycan voleybolunun tanınmış simalarından olan Faiq Qarayevin onun məşqçilik fəaliyyətindəki rolundan da danışıb:

“Faiq Qarayev voleybolun ikonasıdır. Onun təcrübəsindən indi də yararlanıram. Tez-tez əlaqə saxlayır, məsləhətləşirik. Bəzi taktiki gedişlərlə bağlı fikirlərini bölüşür. Ondan çox şey öyrənmək mümkündür”.

İdman.Biz