Ulduz voleybolçuların bölgələrdə gənc idmançılarla görüşü davam edir. Bu gün səfər çərçivəsində yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma, milli komandamızın voleybolçusu Polina Rəhimova, federasiyasının nümayəndəsi Məftun Salmanov Tovuz rayonunda olublar. Görüşdə “Tovuz” Regional Voleybol klubunun təsisçisi Elçin Şabanov, klubun rəhbəri Hüseyn Əhmədov, idman ictimaiyyətinin nümayəndələri, valideynlər və gənc idmançılar iştirak ediblər.
Tədbirdə ilk olaraq Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş zamanı Hüseyn Əhmədovun açılış nitqindən sonra çıxış edən Şahin Çatma bölgələrdə klubların yaradılmasının, uşaq və yeniyetmələrin buradakı kimi ideal şəraitlə təmin olunmasının vacibliyini xüsusi vurğulayıb. Çıxışlardan sonra klubun ixtiyarına verilən Tovuz Olimpiya İdman Kompleksinin idman zalında Polina Rəhimova ilə voleybolçular arasında görüş keçirilib. Voleybolda ilk addımlarını atan uşaq və gənclərə öz tövsiyələrini verən Rəhimova onlara hədiyyələr verib, xatirə şəkilləri çəkdirib.
Nəzərinizə çatdıraq ki, voleybolçularımız sentyabrın 8-də Şəkidə, 9-da Gəncədə gənc idmançılarla görüşüblər.
Qeyd edək ki, bu cür görüşlər digər rayon və şəhərlərimizdə də təşkil olunacaq.
İdman.biz