Andres Toobal: “Azərbaycanla bacardığmız qədər döyüşdük” - MÜSAHİBƏ

Müsahibə
31 May 2024 21:16
209
Andres Toobal: “Azərbaycanla bacardığmız qədər döyüşdük” - MÜSAHİBƏ

Avropa Qızıl Liqasında Azərbaycan yığmasına uduzan Estoniya komandasının baş məşqçisi Andres Toobalın İdman.biz müsahibəsi

- Azərbaycan yığması ilə oyunu necə dəyərləndirirsiz?

- Rəqib komandanın gücünü bilirdik. Hücum xəttində sürətli hərəkət edirdilər. Bizim əsas məqsədimiz təzyiqə tab gətirmək və müdafiədə mümkün qədər daha yaxşı oynamaq idi. Bizim hücumçular istənilən səviyyədə çıxış etmədilər. Hücumlar zamanı planladığımız taktikanı yerinə yetirmək istəsək də, rəqib komanda blokda yaxşı oynadı. Bu amil oyunumuzu istədiyimiz kimi davam etdirməyə imkan vermədi.

- Komandalar arasında hansı fərqlər hiss olunurdu?

- Azərbaycan güclü rəqibdir. Komandanın əvvəlki oyunları barədə məlumatlı idik. Onların bir çox oyunçuları yüksək səviyyədə çıxış edirlər. Bizimlə müqayisədə Azərbaycan daha peşəkar heyətə malikdir. Estoniya yığmasında isə yalnız 3 peşəkar voleybolçu var. Digərləri məktəblilərdir. Onların kifayət qədər təcrübəsi yoxdur. Biz bacardığmız qədər döyüşdük. Amma rəqib komanda qələbəyə layiq idi.

- Oyunun keçirildiyi Voleybol Mərkəzi barədə nə deyə bilərsiniz?

- Voleybol Mərkəzi möhtəşəmdir. Burada oynamaq üçün hər cür şərait var. Xüsusilə azarkeş dəstəyi əla idi. Rəqib komandaya verilən dəstəyi izləmək zövq verirdi, amma bizim rəqibə qarşı istənilən səviyyədə müqavimət göstərmədiyimiz üzücüdür.

- Komandanız son sırada qərarlaşıb. Uğursuzluğun əsas səbəbi nədir?

- Biz ötən il Avropa Gümüş Liqasında uğurlu çıxış etmişik. Amma Qızıl Liqada vəziyyət fərqlidir. Buradakı komandalar daha peşəkar və güclüdür. Tamamilə fərqli mənzərədir. Biz sabah Avstriya yığması ilə qarşılaşacağıq. Onlarla ötən mövsüm liqanın finalında qarşılaşmışıq və qələbə qazanmışıq. Sabah maraqlı oyun olacaq. Ümid edirəm ki, biz qalib gələcəyik.

Banuçiçək Hüseynli,
İdman.biz