MAA voleybol klubunun prezidenti: “Uzaq keçmişdə deyil, son illərdə sözünü deyənlərlə işləmək lazımdır”

Müsahibə
23 İyul 2024 14:18
442
MAA voleybol klubunun prezidenti: “Uzaq keçmişdə deyil, son illərdə sözünü deyənlərlə işləmək lazımdır”

“Ötən mövsüm yerli məşqçilərə üstünlük versək də, qarşıya qoyulan hədəfə çata bilmədik”.

Bunu İdman.bizə “Milli Aviasiya Akademiyası” (MAA) voleybol klubunun prezidenti Vüqar Məmmədov deyib.

Qadın voleybolçulardan ibarət 1 yaşlı komandanın rəhbəri yeni mövsümə hazırlıqlarını dəyərləndirib. O, baş məşqçi Vüqar Əliyevlə yollarını ayırmasının səbəbini də açıqlayıb: “Qısa zamanda yüksək performanslı peşəkar oyunçuların cəlb edilməsi asan məsələ deyil, amma məşqlərin keyfiyyəti əsas amillərdən biridir. Dünya voleybolunda peşəkarlıq durmadan artır. Bu baxımdan uzaq keçmişdə deyil, son illərdə sözünü deyən mütəxəssislərlə işləmək və inkişaf etmək lazımdır. Məqsədlərimizdən biri də yerli voleybolçuların peşəkarlığının artmasıdır ki, bunu da məhz xarici çalışdırıcıların köməyi ilə effektiv həyata keçirə biləcəyimizi düşünürəm. Bu səbəbdən ötən mövsümün sonlarına yaxın bir çox peşəkar mütəxəssislərin tərcümeyi-hallarının araşdırılmasına başladıq. Onların arasında italyanlı Ciovanni Torçioya baş məşqçi vəzifəsini təklif etdik və razılıq aldıq”.

Məmmədov yeni mövsümdə hədəflərini də açıqlayıb. O, əsas istəklərinin ən azı mükafatçılar arasında yer almaq olduğunu deyib: “Yeni yaranmış klub üçün asan məsələ olmasa da, artıq kifayət qədər təcrübəmiz və məqsədə çatmaq üçün gözəl şəraitli texniki bazamız var”.

Məmmədov MAA-nın çimərlik voleybolu üzrə qadınlar arasında ölkə çempionatında qazandığı bürünc medalı da şərh edib: “Artıq Azərbaycan birinciliyində ilk mükafata sahib olduq. Bu yarışda yerli oyunçularla birgə belaruslu Vera Klimoviç də heyətimizdə yer almışdı. O, həmçinin yeni mövsümdə klassik voleybolda da komandamızda olacaq. Əminəm ki, bu mövsüm çempionluq uğrunda layiqli mübarizə apara biləcəyik”.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” ötən mövsümü 14 xalla 5-ci olaraq tamamlayıb.

Emin Ağa
İdman.biz