Yığmamızın voleybolçusu: "Faiq Qarayevlə bütün oyunlardan üzüağ çıxacağımıza inanıram"

Xəbərlər
26 Noyabr 2024 17:34
100
Yığmamızın voleybolçusu: "Faiq Qarayevlə bütün oyunlardan üzüağ çıxacağımıza inanıram"

“Bu dəfə Qızıl Avropa Liqasında azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Qızıl Avropa Liqasındakı rəqibləri barədə danışarkən deyib.

32 yaşlı idmançı baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında bütün oyunlardan üzüağ çıxacaqlarına inandığını bildirib: “Bütün matçlarda uğur qazanacağımızı düşünürəm. Ümid edirəm ki, son Qızıl Avropa Liqasında heyətdə yer ala bilməyən voleybolçular bu dəfə bizimlə olacaqlar. Beləliklə, işimiz asanlaşacaq və komanda şəklində öz oyunumuzu göstərə biləcəyik”.

O, turnirdəki rəqiblər barədə məlumatlı olduğunu söyləyib: “Rumıniya seçməsi keyfiyyətli oyunçulardan təşkil olunub. Sloveniya yığmasının isə güclü məşqçi heyəti var. Rəqiblər arasında başabaş mübarizə apara biləcəyimiz kollektivlər də var. Biz heç bir komandadan çəkinmirik. Məqsədimiz baxımlı oyun nümayiş etdirməkdir. İnanıram ki, komandamızın bütün üzvləri əzmkarlıq göstərməklə buna nail olacaqlar”.

Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi Qızıl Avropa Liqasında Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya ilə üz-üzə gələcək. Turnirdə ilk 4 yeri tutan yığmalar “dördlər finalı”na yüksələcəklər. Turnir gələn il mayın 30-dan iyulun 6-na kimi keçiriləcək.

İdman.biz

Məqalədə: