AVF rəsmisi: "Hədəfim beynəlxalq federasiyada ölkəmizi layiqincə təmsil etməkdir"

Xəbərlər
27 Noyabr 2024 13:50
86
AVF rəsmisi: "Hədəfim beynəlxalq federasiyada ölkəmizi layiqincə təmsil etməkdir"

Əsas hədəfim ölkəmizi beynəlxalq qurumda layiqincə təmsil etmək, vəzifə öhdəliklərimin öhdəsindən məsuliyyətlə gəlməkdir.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilməsi ilə bağlı danışarkən deyib.

O, bu xəbəri sevinclə qarşıladığını bildirib:

"FIVB-nin Tibb Komissiyasına üzv seçilməyim mənim üçün qürurvericidir. Namizədliyim Azərbaycan Voleybol Federasiyası tərəfindən verildi. Etimada görə qurumun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərindəki fəaliyyətimin və Avropa Voleybol Konfederasiyasında Tibb Komissiyasının üzvü olmağımın FIVB-nin Tibb Komissiyasına üzv seçilməyimə böyük təsiri var".

Qeyd edək ki, Vüsalə Kazımova FIVB-nin İdarə Heyətinin ilk iclasında Tibb Komissiyasına üzv seçilib. O, 2028-ci ilədək burada fəaliyyət göstərəcək.

İdman.biz