Bu həftə qadınlardan ibarət komandalar arasında voleybol üzrə Azərbaycan çempionatına start verilib. Yarış iştirakçıları həm Şərqi Avropa, həm də Latın Amerikasından oyunçuları heyətlərinə qatmaqla kifayət qədər gücləniblər.
İdman.biz ölkə çempionatına rəng qata biləcək bəzi yeni adları təqdim edir.
Nayka Benites (Puerto-Riko)
Mövqeyi: libero
Klubu: Azərreyl
Ölkə çempionu ənənəvi olaraq transfer bazarında fəallıq göstərib, amma bir transfer daha çox diqqət çəkib. Söhbət komandanın əsas oyunçusuna çevrilə biləcək Puerto-Riko millisinin üzvü Nayka Benitesdən gedir. Onun üçün “Azərreyl” vətənindən kənarda ilk klubdur. Puerto-Rikoda yeddi fərqli komandada oynayıb və 2021/22 mövsümündə bir neçə fərdi mükafat qazanıb. "Ateenses De Manati"nin heyətində çempionatın bürünc medalına sahib çıxıb və eyni zamanda ən yaxşı libero, qəbuledici və ötürmə verən seçilib.
Voleybolçunun 25 yaşı var və karyerasının zirvəsindədir. Şübhəsiz, onun ustalığı çempiona faydalı olacaq.
Petra İndrova (Çexiya)
Mövqeyi: diaqonal
Klubu: Milli Aviasiya Akademiyası
“Təyyarəçilər” mövsümlərarası fasilədə əsl transfer bumuna imza atıblar. Kifayət qədər təcrübəli voleybolçu gəlib, lakin yeni gələnlərdən ən perspektivlisini qeyd edə bilərik. Çex Petra İndrova "Boulinq Qrin" universitet komandasında çıxışı ilə diqqəti çəkib. Onun komandası iki dəfə Mərkəzi Amerika Konfransının qalibi olub. Indrova dəfələrlə liqanın ən yaxşı hücumçusu və iki dəfə ən dəyərli oyunçusu seçilib.
Hücumçunun milli komanda səviyyəsində də uğurları var. O, yığmanın Qızıl Avropa Liqasının finalına çıxmasına və gümüş medal qazanmasına kömək edib. Petranın Milli Aviasiya Akademiyasının komandasında da itib-batmayacağına inanmaq üçün bütün əsaslar var.
Tiyana Vrçel (Serbiya)
Mövqeyi: toppaylayıcı
Klubu: "Murov Az Terminal"
Tiyana Vrçeli serb voleybolunun yeni nəsil nümayəndəsi adlandırmaq olar. Gənc yaşlarından milliyə çağırılıb, U-19, daha sonra U-21 Avropa çempionatlarının gümüş mükafatçısı olub. İstedadlı toppaylayıcı əsas milliyə namizədlərdən biridir, ona görə də "Murov Az Terminal"a transferi ona bu işdə kömək ola bilər.
Vrçel ölkəsinin, demək olar ki, bütün aparıcı klublarında - "Srvena Zvezda" və "Partizan"da çıxış edib. Ötən mövsüm o, “Srvena Zvezda” ilə Serbiya Super Kubokunu qazanıb, ondan əvvəl isə “Zok” klubu ilə çempionatın gümüş mükafatçısı olub. Serbiya voleybolunun səviyyəsini nəzərə alsaq, şübhəsiz, toppaylayıcı ötən çempionatın finalçısını keyfiyyətcə gücləndirəcək.
Xoselin Landeros (Meksika)
Mövqeyi: libero
Klubu: "Abşeron"
Çempionatın gümüş mükafatçısı da heyətini okeanın o tayından gücləndirmək istəyib. Meksikalı Xoselin Landerosu artıq voleybolda Amerika qitəsinin parlayan ulduzu adlandırmaq olar. Bu il onun milli komandası Şimali, Mərkəzi Amerika və Karib hövzəsi çempionatında bürünc medal qazanıb və Landeros ən yaxşı libero və qəbuledici seçilib. O, bir il əvvəl meksikalılar üçün bürünclə əlamətdar olan Pan Amerika kubokunda da oxşar nailiyyətlərə imza atıb.
Klub karyerasına gəlincə, Xoselin, əsasən, vətənində çıxış edib, lakin bir müddət Portuqaliya "Kayroş"unda keçirib. Libero “Abşeron”u keyfiyyətcə gücləndirə, müdafiədəki oyuna ahənglik verə bilir.
Karolin Perotto (Braziliya)
Mövqeyi: hücumçu
Klubu: "Gəncə"
"Gəncə"nin yeni oyunçusu parlaq karyeraya malikdir. Braziliyalı dünyanın müxtəlif yerlərində çıxış edib və Tunisin "Sfaksien" klubunun heyətində ərəb ölkələrinin klub çempionatının qalibi olub. Həmin turnirdə o, ən yaxşı hücumçu seçilib. Perotto həmçinin "Sfaksien" ilə ölkə çempionluğu və kubokunu da qazanıb.
Vətənində iki müxtəlif dövrdə "Brasilia Volei" klubunda çıxış edib, Peruda da oynayıb və "Esperans"ın şərəfini qoruyaraq Tunisə ikinci səfər edib. Karolin ötən mövsümü "Halmştad"da keçirib və klubuna İsveç çempionatının bürünc mükafatını qazanmasına kömək edib.
Bir sözlə, Perotto kifayət qədər universal oyunçudur və onun təcrübəsi medallar uğrunda mübarizə aparmaq niyyətində olan "Gəncə"yə yardımçı ola bilər.
Zəki Feyzullayev
İdman.biz