Azərbaycan millisinin və Rumıniyanın “Alba” klubunun voleybolçusu Yelizaveta Rubanın İdman.biz-ə müsahibəsi
- Rumıniyada işləriniz necə gedir?
- Burada məni və ailəmi çox yaxşı qarşıladılar. Çox kiçik bir şəhərdə - Blajda yaşayıram. Hamı bir-birini tanıyır, insanlar mehribandır. Həmişə kömək etməyə çalışırlar. Şəhər voleybolla yaşayır. Oyunlarda da ab-hava çox gözəldir.
- “Alba”da çıxışınızla Rumıniyanın çempionatının ən yaxşı 3 hücumçusundan birisiz. Özünüz ölkə xaricində oyununuzu necə dəyərləndirirsiz?
- Üç ildir Rumıniya çempionatında mübarizə aparıram. Bu il “Alba”nın iddiaları “Luqoj"dan üstün olduğu üçün Blaj təmsilçisinə keçdim. Burada hər şey yaxşıdır və mənə uyğun bir komandadır. Özümü “Alba”da rahat hiss edirəm. Bu səbəbdən də yaxşı nəticələr göstərirəm.
- Komandanız ölkə çempionatına başçılıq edir. Sonadək liderliyi qorumağı bacaracaqsız?
- Bəli, çempionatda birinci yerdəyik. Klubun qarşısına qoyduğu məqsədlər çox yüksəkdir. Ona görə də istirahət etmək imkanımız yoxdur. Hər matçda heyət seçimi böyük rol oynayır. 15 voleybolçuyuq və məşqçilər korpusu rəqibdən asılı olaraq “altılığı” qurur. Hər kəsə oynamaq imkanı verilir, eyni zamanda, əsas heyət oyunçuları zəif rəqiblərlə görüşdə istirahət edə bilir. Məşqlərimiz də yüksək səviyyədədir. Uğuru davam etdirmək üçün bu, vacibdir.
- Bəs Azərbaycan çempionatını izləyirsiz?
- Bəli. Vaxtım olduqca, lazımı məlumatları da alıram. Azərbaycan klublarında oynayan və mənə yaxın olan voleybolçular çoxdur. Onlarla tez-tez əlaqə saxlayıram. Ölkə voleybolunda olan yüksəlişi və inkişafı görüb sevinirəm.
- Mövsümöncəsi Azərbaycanın hansısa klubundan təklif almışdız?
- Zamanında belə danışıqlar oldu. Amma hazırda bununla bağlı heç nə yoxdur. Düşünürəm ki, indi olsa belə, çox gecdir.
- Onda təklif gəlsə belə dəyərləndirmək fikrində deyilsiz?
- Artıq nəyisə dəyişmək çox çətindir. Rumıniya hər cəhətdən mənə uyğundur. Ona görə bu barədə düşünmürəm.
Banuçiçək Hüseynli
İdman.biz