"Azərbaycanda voleybol tarixində yeni bir səhifə açılır".
İdman.biz xəbər verir ki, bunu çimərlik voleybolu üzrə menecer Orxan Hüseynzadə Şahdağ Turizm Mərkəzində qar voleybolu üzrə test xarakterli turniri dəyərləndirərkən deyib.
O bildirib ki, Azərbaycan Voleybol Federasiyası bu idman növünün inkişafında maraqlıdır: "Biz çimərlik voleybolçuları olaraq artıq qar voleyboluna da start vermişik. Bu gün Şahdağ Turizm Mərkəzində milli ilə məşqlərə başlamışıq. Qar voleybolu klassik voleyboldan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əsas fərq isə adından da məlum olduğu kimi bu idman növünün qar üzrərində oynanılmasıdır. Təbii ki, bu da bir növ zədə ehtimalını artırır. Hazırda dünyanın bir çox ölkələrində qar voleybolu inkişaf etməkdədir. Təbii ki, biz də buna biganə qala bilməzdik. Voleybol Federasiyası olaraq qərara gəldik ki, bu ildən prosesə başlayaq. Bu idman növü ilə bağlı xüsusi planlarımız var. Gələn il bu idman növündə Azərbaycan çempionatı keçirməyi planlaşdırırıq”.
O, federasiyanın mətbuat xidmətinə açıqlamasında çağırış da edib. Hüseynzadə hər kəsi qar voleyboluna dəvət edib.
Qeyd edək ki, ilk dəfə olaraq qar voleybolu üzrə test xarakterli turnir və təlim-məşq toplanışı ötən il dekabrın 28-29-da olub.
İdman.biz