“Gənclər”lə qarşılaşmamız həqiqətən də gözlənildiyi kimi, çox maraqlı keçdi”
İdman.biz xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət MOİK-in baş məşqçisi Cavid Süleymanov “Gənclər”lə oyunu dəyərləndirərkən deyib.
Gənc mütəxəssis qalib gəldikləri görüşdə rəqibin də yaxşı oyun nümayiş etdirdiyini etiraf edib: “Artıq iki aydır ki, çempionat davam edir. Fikrimcə, bu oyun ən maraqlı qarşılaşmalardan oldu. Qələbə qazandıq, amma “Gənclər” komandası həqiqətən çox gözəl oyun göstərdi. Rəqibin təcrübəli iki oyunçusu işimizi çətinləşdirdi. İnanıram ki, bu gün gənc oyunçulardan formalaşan bu iki komandada yer alan voleybolçular yaxın iki ildə əsas millidə çıxış edəcəklər”.
Baş məşqçinin sözlərin görə, Yüksək Liqada davam edən mövsüm çox maraqlı keçir: "Düşünürəm ki, “Azərreyl” yarışın surpriz komandasıdır, “Neftçi” klubu da son oyunlarda məğlub olmasına baxmayaraq, ən təhlükəli komandadır. "Xilasedici” və “Murov Az Terminal” isə yarışın liderləridir. Düşünürəm ki, pley-offda oyunlar daha maraqlı olacaq”.
Qeyd edək ki, Yüksək Liqanın VII turunda “Gənclər”ə 2:3 hesabı ilə qalib gələn gələn MOİK ilk qələbəsini qazanıb. Onlar 2 xalla turnir cədvəlində məhz məğlub etdikləri rəqibi qabaqlayırlar.
İdman.biz