Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq qızlardan və oğlanlardan ibarət milli komandalarımızla görüşüb.
İdman.biz xəbər verir ki, Azərbaycan Voleybol Federasiyadında təşkil olunan görüşdə voleybolçular, məşqçilər heyəti və rəsmi şəxslər iştirak ediblər.
Bağırov öncə qızlardan ibarət yığmamızın oyunçularını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan idmanında qadınların əvəzsiz xidmətləri var.
AVF prezidenti vurğulayıb ki, Azərbaycan voleybolunun Avropa və dünya miqyasında əldə etdiyi nailiyyətlərin əksəriyyəti də məhz xanım voleybolçularımızın adı ilə bağlıdır. O, həmçinin qadınlardan ibarət əsas millimizin voleybolçularını, ölkə çempionatında çıxış edən yerli və xarici qadın oyunçuları, veteran voleybolçularımızı və federasiyanın xanım əməkdaşlarını 8 Mart münasibətilə təbrik edib.
Sonra ölkəmizdə keçiriləcək III MDB Oyunlarından danışan Bağırov belə mötəbər yarışda voleybolun da yer almasını bu idman növünün populyarlığının, ona marağın yüksək olmasının göstəricisi kimi dəyərləndirib. Azərbaycanda voleybolun böyük ənənələrinin olduğunu deyən federasiya rəhbəri hər iki komandamızın yarışda uğurlu çıxışına inam ifadə edib.
Daha sonra hazırlıq prosesi ilə tanış olan AVF prezidenti hər iki komandada çıxış edən idmançıların valideynləri ilə də görüşüb. Federasiya prezidenti valideynlərə övladlarına dəstək olduqlarına görə təşəkkürünü bildirib və milliyə uğurlar arzulayıb.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabrda “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə 23 idman növü üzrə keçiriləcək. Voleybol oyunları Gəncədə təşkil olunacaq.
İdman.biz