“Çox şadam ki, çempion olduq”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko deyib.
Aşdod "Makkabi"si ilə İsrail çempionu olan hücumçu qələbə təəssüratlarını bölüşüb. O bildirib ki, klubu finala xüsusi hazırlaşıb: “Hapoel Kfar Saba”sına kubok oyunlarında uduzmuşduq. Bu bizə əlavə güc, motivasiya verdi. Nəticədə həmin rəqibə qalib gəlib qızıl medala yiyələndik”.
Müqaviləsi başa çatan Stepanenko gələcək karyerası barədə də danışıb: “Fərqli ölkələrin klublarından təkliflər almışam. Ancaq tələsmək istəmirəm. Mənim üçün ən yaxşı olana qərar verəcəyik. Düşünmək üçün vaxtım var”.
Millimizin voleybolçusu yığmanın növbəti oyunlarında hələlik iştirak edə bilməyəcəyini vurğulayıb: “Komandamızı Qızıl Avropa Liqasının gözlədiyini bilirəm. Ancaq ayağımı keçən oyunda zədələmişəm. Bəlkə də sındırmışam, dəqiq bilmirəm. Azərbaycanda MRT edəcəyəm. Bu yaxınlarda Bakıya qayıdacam. Ay yarım sonra isə Ukraynaya gedib ailəmlə vaxt keçirməyi düşünürəm”.
Qeyd edək ki, Stepanenkonun komandası finalın hər üç qarşılaşmasında rəqibi “Hapoel Kfar Saba”nı məğlub edərək titula sahib çıxıb.
Aytac Sahəd
İdman.biz