Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb - FOTO - VİDEO

Xəbərlər
24 Aprel 2025 18:12
225
Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb - FOTO - VİDEO

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan finaldan sonra medalları Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç təqdim ediblər.

“Azərreyl”ə qızıl, “Abşeron”a gümüş və "Milli Aviasiya Akademiyası"a bürünc medallar verilib.

Mükafatlandırmadan öncə çıxış edən Çingiz Hüseynzadə qalib komandaları təbrik edib və bildirib ki, bu gün əsl voleybol bayramı yaşanıb.

CEV prezidenti Roko Sikiriç çempionatın yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O qeyd edib ki, finalda hər iki komanda çox gözəl oyun nümayiş etdirib.

Azərbaycan Voleybol Federasiyasınınprezidenti Şahin Bağırov da qalibləri təbrik edib. Qurum rəhbəri bildirib ki, mövsüm ərzində komandalar layiqli mübarizə aparıblar: “Dövlət tərəfindən göstərilən qayğının nəticəsidir ki, bu gün belə bir məkanda möhtəşəm qarşılaşma izlədik”.

CEV prezidentinə də Bakıya gəldiyi üçün minnətdarlıq edən Bağırov əsas hədəfin Olimpiadaya lisenziya qazanmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, kişi voleybolçular arasında Yüksək Liqada final matçı aprelin 25-də "Murov Az Terminal" və "Azərreyl" klubları arasında keçiriləcək. İlk görüşdə “dəmiryolçular” üstün olublar – 3:0.

Aytac Sahəd
İdman.biz