“Azərreyl” qadın voleybolçuların Azərbaycan çempionatında ən güclü klub titulunu qoruyub. Komanda “Abşeron”la final seriyasının uğursuz gedişatını dəyişərək “qızıl set”də qalib gəlib - 15:12. Bu uğur klubun avrokubokları da düşünərək gələcək inkişafının əsasını qoya bilər.
İdman.biz xəbər verir ki, cari mövsüm ölkə voleybolunun flaqmanı üçün kifayət qədər çətin keçdiyindən qələbənin dadını daha şirin hesab etmək olar.
“Azərreyl” müntəzəm çempionatda "Abşeron" və "Milli Aviasiya Akademiyası"ndan sonra üçüncü yeri tutmuşdu. Təbii ki, uzun məsafəni heç bir komanda itkisiz gedə bilməz və vacib olan çempionatın həlledici qarşılaşmalarında toparlanmaqdır. Bu mənada “Azərreyl”in daha yaxşı heyətə malik olması üzə çıxdı.
Anastasiya Şupiyanova komandanın lideri oldu. “Uraloçka” və “Zareçye-Odintsovo” kimi klublarda çıxış etmiş belaruslu hücumçu "Azərreyl"in əsas zərbə qüvvəsinə və ilham mənbəyinə çevrildi. Bu, xüsusilə “Abşeron”la cavab final matçında özünü bariz büruzə verdi və Şupiyanova özünü ən yaxşı cəhətdən göstərərək çempionatın ən dəyərli oyunçusu oldu. Bu mənada, qızıl setdən əvvəl 3:0 hesabı matçın tam dramatikliyini tam göstərmir, çünki üç setdən ikisində çempion tay-brekdə qalib gəldi və hər xalı, sözün əsl mənasında, dişi-dırnağı ilə qazandı.
Bir sıra istedadlı voleybolçuların yer aldığı “Abşeron” da yaxşı nəticə əldə etdi. Yekaterina Jidkova, Nikalina Başnakova, Anastasiya Mertsalova komandanın oyununu müəyyənləşdirmiş, ilk finalda “Azərreyl”i məğlub edən Famil Ağayevin yetirmələri titul üçün iddialı olmuşlar. Ola bilsin ki, həlledici məqamda bəxt və təcrübə çatmadı və ilk görüşdə uduzan çempionun təzyiqinə tab gətirmək son dərəcə çətin oldu. Hərçənd "Abşeron"un oyunun gedişatını öz xeyrinə dəyişmək şansları da var idi.
"Milli Aviasiya Akademiyası" ilk dəfə ölkə çempionatının medallarını qazandı. Bürünc uğrunda görüşdə komanda "Gəncə"ni məğlub etdi. Bu mövsüm “təyyarəçilər” belaruslu toppaylayıcı Natalya Qonçarova, Monteneqro millisinin hücumçusu Daniela Cakoviç və Bakı “Lokomotiv”indən tanınan Vera Klimoviçi heyətə cəlb edərək komandanı yaxşı gücləndirdilər. Üstəlik, həm Cakoviç, həm də Klimoviç yekunda çempionatın rəmzi komandasına daxil edildilər.
Cari mövsüm kifayət qədər keyfiyyətli alındı. Çempionat boyu gərgin mübarizə getdi, səviyyə də yüksəldi. Bu o deməkdir ki, növbəti çempionatlar daha da maraqlı olacaq.
Zəki Feyzullayev
İdman.biz