Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb - FOTO

Xəbərlər
25 Aprel 2025 17:32
281
Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb - FOTO

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan “Murov Az Terminal” - “Azərreyl” arasında ikinci final matçından (0:3, 1:3) sonra medalları Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təqdim ediblər.

“Azərreyl”ə qızıl, “Murov Az Terminal”a gümüş və “Xilasedici”yə bürünc mükafatlar verilib. Çempiona kubok təqdim olunub.

Mükafatlandırma mərasimindən öncə çıxış edən CEV prezidenti Roko Sikiriçi qalibləri təbrik edib və komandalara uğurlar arzulayıb. O, Azərbaycan Voleybol Federasiyasına, ölkə rəhbərliyinə təşəkkür edib: “Məni çox gözəl qəbul etdilər. 2026-cı ildə Avropa çempionatının qrup oyunları Bakıda keçiriləcək".

AVF prezidenti Şahin Bağırov final qarşılaşmasının gərgin və maraqlı keçdiyini vurğulayıb: “Mövsümdə çempionatımızda yeniliklər baş verdi. İllər öncə arzuladığımız kimi gənc voleybolçuların sayının artdığını görürük. Həm qadınlar, həm kişilər arasında klublar peşəkar oyun nümayiş etdirdilər. Çempionatdakı komandaların sayı da getdikcə artır. Bu sevindirici haldır".

Mərasimdə, həmçinin müxtəlif nominasiyalar üzrə voleybolçulara ilin rəmzi komandasına mükafatlar verilib.

Qeyd edək ki, qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi adını da "Azərreyl" qazanıb. “Abşeron” ikinci, "Milli Aviasiya Akademiyası" üçüncü yeri tutub.

Aytac Sahəd
İdman.biz