Dadaş Dadaşbəyli: “Çempion olduğum üçün özümə təşəkkür edirəm”

Müsahibə
14 Dekabr 2023 09:50
405
Dadaş Dadaşbəyli: “Çempion olduğum üçün özümə təşəkkür edirəm”

“Paris-2024 Yay Olimpiya Oyunlarına ağır çəkidə lisenziya qazanmaq istəyirəm. Rəqiblərim çox çətin idi. Bu yarışa tam olaraq hazırlaşmamışdım”.

Bunu İdman.biz saytına Azərbaycanın millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.

Qətərdə keçirilən Qran-pridə 109 kq çəkidə çempion tituluna yiyələnən idmançı yarışda çıxışını dəyərləndirib. O bildirib ki, daha ağır çəkinin də öhdəsində gəlmək gücündə olub: “Dünya çempionatında 403 (180+223) kq-ı ram etmişdim. Burda isə göstəricim bir qədər zəif oldu. Bunun səbəbi MDB Oyunları, dünya çempionatı sonra bu yarış arasında vaxtın az olması idi. Bəzi zədələrim də vardı. Onların müalicəsini etdiyim üçün hazırlaşmağa vaxtım bir qədər də azaldı. Buna baxmayaraq, əlimdən gələni etdim. Qısa bir vaxtda bu yarışa hazırlaşdım. Çox sevincliyəm. Bu mənim üçün böyük xoşbəxtlikdir. Sonuna qədər mübarizə aparıb çempion olduğum üçün əvvəlcə özümə (gülür), sonra da müəllimlərimə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Dünya çempionatının bürünc mükafatçısı ili özü üçün uğurlu hesab edir: “Bu il iştirak etdiyim yarışlar çox oldu. Bu turnirlərə hazırlaşarkən çox çətinliklər çəkdim. Zədə ilə mübarizə apardım. Qazandığım uğurlar və nailiyyətlər az olmadı”.

Qeyd edək ki, ilin son turniri olan Qətər Qran-prisində Dadaş Dadaşbəyli 388 (176+212) kq nəticə isə çempion tituluna yiyələnib.

Emin Ağa
İdman.biz