Millinin baş məşqçisi: “Dadaşbəylidən qızıl medalı gözləyirdik”

Xəbərlər
14 Dekabr 2023 11:37
238
Millinin baş məşqçisi: “Dadaşbəylidən qızıl medalı gözləyirdik”

“Dadaş Dadaşbəylidən qızıl medalı gözləyirdik”.

Bunu İdman.biz saytına ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Emil Əliyev deyib.

O, Qətərdə keçirilən Qran-pridə yığmanın lideri Dadaş Dadaşbəylinin (109 kq) çempionluğunu dəyərləndirib. Əliyev fəxri kürsüdə yer alan idmançı ilə yanaşı, digər atletlərdən də razılığını ifadə edib: “Dadaşbəyli ilə birinci yer üçün hazırlaşmışdıq. O da özünü doğrultdu. Bunu hamımız gözləyirdik. Mükafat qazana bilməyən idmançılarımızın çıxışını uğursuz adlandırmaq olmaz. Nazilə İsmayılova və Əli Şükürlü ən yaxşı göstəricilərini bu yarışda əldə etdilər. Onlar şəxsi nəticələrini artırdılar. Ömər Cavadovun da göstəricisi pis deyil. Amma o, bu turnirə yaxşı hazırlaşa bilməmişdi. Ömərdən bundan da yaxşı nəticəni gözləyirdik”.

Təcrübəli mütəxəssis 2023-cü ili komandası üçün uğurlu adlandırıb: “Hər yarışda medallar qazandıq. Yeniyetmələr arasında Avropa çempionumuz, dünya ikincimiz oldu. Gənclərin qitə birinciliyində gümüş medal qazandıq. Böyüklərdə idmançımız mundailda fəxri kürsünün üçüncü pilləsinə qalxdı. Son Qran-pridən isə qızıl medalla qayıdırıq. Məncə, bunların hamısı gözəl nəticələrdir. İl ağır atletika ailəsi üçün uğurlu alındı”.

Qeyd edək ki, Qran-pridə digər atletlərimizdən Nazilə İsmayılova (49 kq) 19-cu, Ömər Cavadov (73 kq) 10-cu, Əli Şükürlü (102 kq) isə 8-ci olub.

Emin Ağa
İdman.biz