Azərbaycan rekordçusu vəfat edib

Xəbərlər
22 Fevral 2024 15:16
480
Azərbaycan rekordçusu vəfat edib

Azərbaycan ağırlıqqaldırma ailəsinə itki üz verib.

İdman.biz xəbər verir ki, tanınmış mütəxəssis, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi, müəllim, dosent Qubad Cəbrayılov dünyasını dəyişib.

Qubad Əli oğlu Cəbrayılov 1939-cu il aprel ayının 15-də Masallı rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA), 1964-70-ci illərdə isə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti - ATU) bitirib. Karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə Respublika rekordçusu, çempionu və mükafatçısı olub, idman ustası normativini yerinə yetirib, Respublika yığma komandasının üzvü kimi müxtəlif miqyaslı yarışlarda Azərbaycanı təmsil edib.

Cəbrayılovun məşqçilik karyerası da uğurlu olub. Onun rəhbərliyi altında idman ustaları, müxtəlif yarışlarına qalibləri, həmçinin ilk beynəlxalq dərəcəli idman ustası - Cəbrayıl Cəbrayılov yetişib.

Qubad Cəbrayılov həmçinin beynəlxalq dərəcəli hakim olub, 1998-ci ildən müxtəlif beynəlxalq turnirlərdə ölkəmizi təmsil edib.

1964-cü ildən paralel olaraq müəllimlik fəaliyyəti ilə də məşğul olub, 1966-cı ildə ATU-nun Bədən tərbiyəsi kafedrasında müəllim, 1973-cü ildən ADBTİA-da müəllim, 1984-cü ildən isə baş müəllim vəzifəsində çalışıb, dosent olub.

İşində əldə etdiyi müvəffəqiyyətləri dövlət tərəfindən yüksək qiymətləndirilib və 1996-cı ildə ona Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 2011-ci ildə isə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi adları verilib.

Allah rəhmət eləsin!

İdman.biz

Məqalədə: