Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.
İdman.biz xəbər verir ki, bu gün yarışda Azərbaycan millisinin heyətində Allahverdi Qaragözov və Aslan Əmiraslanov körpücük üzərinə çıxıblar.
Onlar yaşı 15-ə qədər olan atletlər arasında 89 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.
Əmiraslanov isə böyük uğurla yadda qalıb. Atletimiz birdən qaldırma hərəkətində 114 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalçısı olub.
O, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bütün rəqiblərini üstələyib.
Aslan toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.
Qeyd edək ki, iyunun 23-də başa çatacaq birincilikdə 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı mübarizə aparır.
İdman.biz