Firdovsi Umudov: "Onlar gələcəyin Olimpiya çempionlarıdır" - VİDEO

Xəbərlər
24 İyun 2024 22:36
258
Firdovsi Umudov: "Onlar gələcəyin Olimpiya çempionlarıdır" - VİDEO

“Komandamızdan bu nəticəni gözləyirdik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

O, Avropa birinciliyində uğurlu mübarizə aparan Azərbaycan yığmasının çıxışını dəyərləndirib. Federasiya rəsmisi bildirib ki, qazanılan nəticə təqdirəlayiqdir: “İdmançılarımızdan hər zaman yüksək nəticə gözləyirik. Bu uğura imza atan yeniyetmələrimiz gələcəyin Olimpiya çempionlarıdır. Sevinirik ki, bu cür güclü idmançılarımız yetişir. İnanırıq ki, bu günün yeniyetmələri gələcəkdə Avropa, dünya və Olimpiya çempionlarına çevriləcəklər”.

Umudov əldə olunan nəticələrin federasiya rəhbərliyini çox sevindirdiyini qeyd edib: “Əldə olunan nəticələrin bizə rahatlıq verəcəyini demək olmaz. Bizim gələcəklə bağlı planlarımız var və bu nəticələri qoruyub, saxlamalıyıq. Yığmanın heyətindəki idmançılarımızın böyük nəticələr qazanacaqlarına inanırıq”.

Qeyd edək ki, Azərbaycan yığması Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində 18 medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz