Nazir müavini: "BTM-in Bakıda təşkili ölkəmizdə ağırlıqqaldırmanın inkişafına təkan olacaq"

Xəbərlər
5 Dekabr 2024 12:53
110
Nazir müavini: "BTM-in Bakıda təşkili ölkəmizdə ağırlıqqaldırmanın inkişafına təkan olacaq"

"İnanıram ki, mərkəzin Bakıda fəaliyyət göstərməsi ölkəmizdə ağırlıqqaldırmanın inkişafında mühüm təkan olacaq".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin (BTM) təşkil edilmə hüququnun Azərbaycana verilməsindən danışıb.

Vasileva bildirib ki, bu qərar təkcə qitə üçün deyil, Azərbaycan ağırlıqqaldırması üçün də böyük imkanlar deməkdir:

"Bildiyiniz kimi, Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinin iclasında ölkəmiz üçün faydalı olacaq qərar qəbul edildi. Namizədlik və təqdimat prosesində Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə əməkdaşlığı öz töhfəsini verdi. Federasiyanın maraqlı və ətraflı təqdimatından sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Avropada yeganə olacaq Avropa Ağırlıqqaldırma Mərkəzi statusunu Azərbaycana verdi. Bu, ölkəmizin idman nüfuzunun dünyada göstəricisi olmaqla yanaşı, həm də etimadın göstəricisidir. Bu qərar təkcə qitə üçün deyil, Azərbaycan ağırlıqqaldırması üçün də böyük imkanlar deməkdir.

O, bu uğur münasibətilə idman ictimaiyyətini təbrik edib:

"İnanıram ki, Mərkəzin Bakıda fəaliyyət göstərməsi ölkəmizdə ağırlıqqaldırmanın inkişafında mühüm təkan olacaq. Azərbaycanın namizədliyinin verilməsi prosesində zəhməti olan hər kəsə təşəkkür edir və ölkəmizin seçilməsi münasibətilə idman ictimaiyyətimizi, xüsusən də Azərbaycan Ağırlıqqaldırma Federasiyasını təbrik edirəm".

İdman.biz