Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin (109 kq) İdman.biz-ə müsahibəsi
- 2024-cü il yadınızda necə qaldı?
- Ötən il mənim üçün çox uğurlu oldu. Bir ilin içərisində həm dünya, həm də Avropa çempionu olmağın sevincini yaşadım. Xüsusilə də, illər sonra Avropa çempionu olmağın başqa zövqü var.
- Ötən il uğurlarla yanaşı, karyeranızda çətin məqamlar da oldu. Məsələn, Olimpiada lisenziyasının bir addımlığında dayanmaq…
- Lisenziyaya bir addımdan da yaxın idim. Əlbəttə, hər bir idmançı kimi mənim də ən ali hədəfim Olimpiadadır. Təəssüf ki, bu yolda çox ciddi problemlərlə qarşılaşdım. Ən əsası isə belə bir çətin dövrdə məşqçim Asif Məmmədov yanımda olmadı.
- Niyə?
- Federasiyanın əvvəlki rəhbərliyi gedəndən sonra müəyyən qarışıq hadisələr oldu. Bütün məşqçilərimə təşəkkür edirəm. Heç kimdən nə incikliyəm, nə küskün. Sadəcə, Asif müəllimin yanımda olmamağı mənim üçün ciddi problemlər yaratdı. Çünki texniki və taktiki bütün gedişlərimi onunla planlamışdıq. Şükürlər olsun ki, bu gün Asif müəllim yanımdadır. Ancaq onun olmadığı dövrdə yaranan boşluq ciddi problemlər yaratdı. Məcbur qalıb çəki kateqoriyamı dəyişmişdim. O qayıdanda mən artıq başqa çəkidə mübarizə aparırdım. Sonradan ağır çəkiyə keçməyə cəhd etsəm də, alınmadı. Çünki daha ağır çəkili idmançılarla mübarizə aparmalı idim. 109 kq ola-ola 180 kq idmançı ilə mübarizə aparmaq mümkün deyil. Üstəlik, həmin vaxt ağır diz zədəsi aldım. Federasiya rəhbərliyi tərəfindən əməliyyat oldum. Federasiyamızın vitse-prezidenti Firdovsi Umudov və məşqçilərim əməliyyat otağından çıxana kimi xəstəxanada məni gözləyiblər.
- Zədə, yoxsa məşqçi faktoru? Olimpiada yolunda hansı daha böyük əngəl oldu?
- Bütün Azərbaycan idman ictimaiyyəti bilir ki, Olimpiada yolunda əlimdən gələni elədim. Bəs onda sual oluna bilər ki, niyə alınmadı? Mən bu suala belə cavab verərəm ki, əsas səbəb məşqçilərin səhlənkarlığı və vaxtında düzgün seçim etməməsi oldu. Bəzi yerlərdə belə söz-söhbət də gəzirdi ki, 109 kq Olimpiya çəkisi deyil. Halbuki belə bir şey yoxdur. Tokio-2020 Yay Olimpiya Oyunlarına qədər 109 kq ağırlıqqaldırmada Olimpiya çəkisi idi. Sadəcə həmin vaxt antidopinq qaydalarına görə cəzalar tətbiq olunduğu üçün ağırlıqqaldırmada 109 kq da daxil olmaqla müəyyən çəkiləri ləğv etdilər. İslam Həmrəyliyi Oyunlarında 102 kq çəki dərəcəsində ağır zədə ilə 174 kq qaldırmışam. Bir sözlə, 102 kq-da da mən nəticə əldə edə bilərdim. Ancaq məşqçilər çəki məsələsini düzgün hesablamadı. Öz şəxsi ambisiyaları üçün yeni idmançılar yetişdirmək istədilər. Qısa müddət ərzində uğurlu ağırlıqqaldıran hazırlamaq mümkün deyil. Hər idman növünün özünə görə çətinliyi var, ancaq ağır atletika idman növlərinin ən ağırıdır. Bunu mən demirəm, bütün dünya deyir. Çünki rəqibimiz cansız dəmirdir. O xəstələnmir, əhvalı pozulmur, hansısa yarışda zəif çıxış etmir. Digər idman növlərində rəqibin performansı sənin nəticənə təsir edə bilər, ancaq ağırlıqqaldırma belədir ki, ştanq həmişə hazır şəkildə səni gözləyir. Ona görə də bu idman növündə “bacararam” demək azdır. Bir də görürsən ki, orta səviyyəli bir idmançı mikrofon qarşısına keçib deyir ki, mən Avropa, dünya, Olimpiya çempionu olacam. Belə deyənlərdəndən soruşmaq lazımdır ki, bəs bu gün çempionluq üçün nə edirsən?
- Yaman odlu-alovlu danışırsınız.
- Əslində, belə şeylər danışan deyiləm. Sadəcə baxıram ki, danışmayanda da bunu başqa cür başa düşürlər. “Mən qalib olaram” deyənlər bilməlidir ki, istənilən uğurun arxasında böyük zəhmət var. Ümumiyyətlə, idmanda bütün nəticələrə hazır olmaq lazımdır. Məsələn, mən lisenziyanın bir addımlığında dayanmağı qəbul edə bilmirdim. Hər kəsdən küsürdüm, inciyirdim. Bəlkə günahkar axtarırdım, ya da günahkar özüm idim. Heç nə anlamadım. İndi yavaş-yavaş toparlanmağa çalışıram. Los-Anceles Olimpiadasına lisenziya uğrunda isə əlimdən gələni edəcəyimə söz verirəm.
- Dörd il az müddət deyil. Sizcə, yaşınız Los-Anceles yolunda sizə maneə ola bilər?
- 28 yaşım var, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında isə 31 yaşım olacaq. 34 yaşında mənim çəkimdə Ruslan Nurudinov dünya rekordu qıra bilirsə, Dadaş Dadaşbəyli 31 yaşında Olimpiadada niyə medal götürə bilməsin? Əlbəttə ki, idmanda yaş nəticəyə təsir edən faktordur. Ancaq ağırlıqqaldırmada 31 yaş söz deyəcək yaş deyil.
- Bəs rəqiblər necə? Çox güman, bu dörd ildə yəqin ki, sözü olanlar tapılacaq.
- Bundan sonra gələn nəslə uğurlar arzulayıram. İdmançı olaraq udmağı da, uduzmağı da həmişə normal qəbul etmişəm. Heç vaxt kinlə, ironiya ilə hərəkət etməmişəm. Əvəzolunmaz idmançı yoxdur. Bu gün Dadaş varsa, sabah Dadaşdan da güclüləri olacaq. Həmişə deyirəm ki, siz gələn illərin xəyalını qurduğunuz vaxt mən bu illərin dadını çıxarıram. “Dadaş bu il yer tutdu, gələn il biz onu udacağıq” artıq ərəb sözüdür. Hər dövrün öz sərkərdəsi var. Mən də öz dövrümün yaxşı sərkərdəsi olmuşam.
- Dadaş, dövr demişkən, neçə ildir ağırlıqqaldırma ilə məşğul olursunuz?
- Hələ birinci sinifdə oxuyanda dostlarımla zala getmişdim. O günü indiki kimi xatırlayıram. Həmin vaxt ağırlıqqaldırmanın nə olduğunu bilmirdim. Sadəcə yaşadığım Qobustan rayonunda ağır atletikadan başqa idman yox idi. Zala ilk dəfə girən andan ştanqanın sehri məni özünə çəkdi. Sonra onunla dostlaşdım. Ştanqa ilə oturub söhbət etdiyim vaxtlar da olub. Bir sözlə, altı yaşından zaldayam.
- Keçən ömrün fonunda yaşadığınız dörd illik məhrumiyyətin sizin üçün necə ağır olduğunu təsəvvür etmək çətin deyil.
- Diskvalifikasiya olunduğum gün idmançı kimi bir dəfə öldüm, Allah mənə ikinci şansı verdi.
- Mənə çox maraqlıdır, o dörd il necə keçdi?
- Çox ağır idi, çox. Mən hələ erkən yaşlarımdan nəticəli idmançı olmuşam. On yeddi, on səkkiz yaşında idmançı dərk etmir ki, dopinq nədir. Səbəbkar xarici baş məşqçi idi, dopinqi bizə o vermişdi. Həmin hadisədən sonra isə hamı deyirdi ki, Dadaş bitdi. İlk iki il lap çətin oldu. Ancaq ayaqüstə qalmağa çalışırdım. O dövrdə Azərbaycan İdman Akademiyasında təhsil alırdım. Diskvalifikasiya müddətimdə mənə ən çox Nizami Paşayev dəstək oldu. Məni idmandan uzaqlaşmağa qoymadı, daim məşq elətdirdi. Hamıdan, hər şeydən küsdüm, ştanqadan başqa.
- Dörd ilin son gününü necə xatırlayırsınız?
- Yadımdadır, 2019-cu ilin dekabrın 21-i mənim diskvalifikasiya müddətim bitdi. Dostlarımla birgə saatları sayırdıq. Həmin günün səhəri zala girib qışqırdım ki, daha mən azadam, məhbus deyiləm.
- Bağışlamısınız səbəbkarları?
- Çox ağır sualdır e bu. Yəqin ki, bağışlamışam. Özüm də bilmirəm. Deməli, bu mənim qismətimdə varmış.
Aytac Sahəd
İdman.biz