Azad Mustafayev: “İndiyədək bu sayda ağırlıqqaldıranın iştirakını görməmişdim”

Xəbərlər
14 Mart 2025 16:54
59
Azad Mustafayev: “İndiyədək bu sayda ağırlıqqaldıranın iştirakını görməmişdim”

"Bu yarışda rekord sayda idmançı iştirak edir".

İdman.biz xəbər verir ki, bunu Əməkdar məşqçi Azad Mustafayev ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Yarışın baş hakimi turnirin əhəmiyyətindən söz açıb: "Bu gün yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verildi. Artıq iki yaş qrupunda qadınlar arasında yarışlar başa çatdı. Oğlanların yarışı başlayacaq. İndiyə qədər bu sayda ağırlıqqaldıranın bir yarışda iştirak etdiyini görməmişdim".

Mütəxəssis bu cür turnirlərin tez-tez keçirilməsinin önəmli olduğunu vurğulayıb: "Qarşıda bizi mühüm yarışlar gözləyir. Bu yaxınlarda yeniyetmələr arasında Avropa və dünya birinciliyi olacaq. Belə turnirlərin təşkilində əsas məqsədimiz həm sözügedən yarışlara hazırlaşmaq, həm də yığma komandaları formalaşdırmaqdır. Gələcəkdə həm yeniyetmələr, həm də gənclər arasında ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirmək istəyirik. Bu hədəfə çatmaq üçün sistemli şəkildə addım-addım iş aparılır".

Qeyd edək ki, Azərbaycan birinciliyində ümumilikdə 200-ə yaxın atlet mübarizə aparır. Bu gün start götürən yarışa martın 16-da yekun vurulacaq.

Aytac Sahəd
İdman.biz