Azərbaycanda təşkil olunan beynəlxalq xizək alpinizmi yarışının ilk günü arxada qalıb.
İdman.biz xəbər verir ki, turnirdə 11 ölkədən 60-dək idmançı qələbə uğrunda mübarizə aparır.
Turnirin ilk günündə idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar. U-18 kateqoriyası üzrə qadınlar arasında Helena Eurenqer (Almaniya) birinci olub. Eva Sofi (Avstriya) və Süeda Sultan (Türkiyə) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında isə Morits Baureqqer (Almaniya), Babtist Carrikart (Fransa), Simon Vidmozer (Avstriya) fərqləniblər.
U-20 kateqoriyası üzrə kişilər arasında David Yost (Almaniya) birinci yerə çıxıb. Emirhan Kars (Türkiyə) yarışı ikinci, Metsi Noqeras (Fransa) üçüncü pillədə başa vurublar.
U-23 kateqoriyası üzrə qadınlar arasında Nikola Matkova (Slovakiya), Nəzrin Qəribova (Azərbaycan), Marzi Beha (İran) ilk üçlükdə qərarlaşıblar. Kişilər arasında isə Andreas Mayer (Avstriya) birinci, Yakub Siarnik (Slovakiya) ikinci, Nikola Kalistrin (Bolqarıstan) üçüncü yerə çıxıblar.
Qeyd edək ki, sabah yekun vurulacaq turnirdə vertikal növ üzrə yarışlar keçiriləcək.
----------
11:29
“İnanırıq ki, bu turnir digər beynəlxaq kateqoriyalı yarışların keçirilməsinə təkan verəcək”.
İdman.biz xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov Şahdağda beynəlxalq xizək alpinizmi yarışının açılış mərasimində deyib.
O bildirib ki, artıq qış idman növləri üzrə beynəlxalq federasiyalarla əməkdaşlıq edirlər: “Qış idman növləri üzrə dünya səviyəli yarışların keçirilməsi üçün müraciətlər etmişik. Bu idman növünün inkişafı üçün Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışlar keçiriləcək”.
Qeyd edək ki, yarışda 11 ölkənin 55 idmançısı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak edirlər.
İdman.biz