Vladimir Litvintsev: “Qələbə barədə düşünmürəm, sadəcə işimi yaxşı görmək istəyirəm” - MÜSAHİBƏ

Xəbərlər
3 Dekabr 2024 17:11
102
Vladimir Litvintsev: “Qələbə barədə düşünmürəm, sadəcə işimi yaxşı görmək istəyirəm” - MÜSAHİBƏ

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsevin İdman.bizə müsahibəsi

- Türkiyənin İstanbul şəhərində Bosfor kubokunda iştirak etdiz. Yarışla bağlı təəssüratlarınız necədir?
- ⁠Turnir çox yaxşı şəkildə təşkil olunmuşdu. Üçüncü dəfədir ki, daha böyük yarışlardan əvvəl gücümü burada yoxlayıram. Təşkilatçılıq baxımından hər şey əla idi və mənim üçün faydalı oldu.

- ⁠Bosfor kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxdız. Artıq tam formanızı yığdığınızı demək olar?
- ⁠Təbii ki, qızıl medal qazanmaq hər zaman xoşdur. Daim məqsədim də budur. Ona görə özümü hər zaman qələbəyə kökləmişəm. Lakin daha çox məşq etməli və işləməliyəm.

- ⁠Onda yarışdan öncə qalib olacağınıza əmin idiz?
- ⁠Hazırlıqlarda bu barədə düşünmürəm, sadəcə işimi yaxşı görmək istəyirəm. Düşünürəm ki, rəqiblərim də layiqli və güclü ustalıq səviyyəsinə malik idilər. Yarışa yaxşı idmançılar qatılmışdılar.

- ⁠Qələbənizdən sonra sizi ilk kim təbrik etdi?
- Vitali Novikov. Yarışda onun rəhbərliyi altında çıxış edirdim.

- Çıxışınız zamanı çətinlik çəkdiyiniz anlar oldu?
- ⁠Bəli. Çətinlik çəkdiyim bir sıra məqamlar oldu. Bu, qısa proqram zamanı baş verdi. Bütün elementləri uğurla tamamlaya bilmədim. Amma ümid edirəm ki, gələcəkdə belə səhvlər olmayacaq. İstanbula Kanada Qran-prisindən gəldiyim üçün hazırlaşmağa çox vaxt yox idi. Bir az artıq məşq etsəydim, əminəm ki, nəticə daha da yaxşı olardı.

- Qarşıdakı planlarınız nədir?
- ⁠Bu mövsümün əsas vəzifəsi 2026-ci ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarıdır. Yaxın vaxtlarda Avropa çempionatı da olacaq. Ən yaxşı nəticələrimi məhz bu yarışlarda göstərmək istəyirəm.

Banuçiçək Hüseynli
İdman.biz