Vəfa Bəkərova: “Bu, Azərbaycan və klubumuz üçün yeni tarix idi” - MÜSAHİBƏ

Müsahibə
7 Dekabr 2024 15:36
89
Vəfa Bəkərova: “Bu, Azərbaycan və klubumuz üçün yeni tarix idi” - MÜSAHİBƏ

“Ocaq Sport” klubunun İdarə Heyətinin sədri Vəfa Bəkərovanın İdman.biz-ə müsahibəsi

- Klubunuzun idmançıları Özbəkistanın paytaxtı Daşkənddə fiqurlu konkisürmə üzrə “Interclub Figure Skating” beynəlxalq turnirində mübarizə apardılar. Yarışı necə dəyərləndirirsiniz?
- ⁠Bu turniri klubumuz üçün böyük əhəmiyyət daşıyır. Daşkənddəki yarış həm idmançılarımızın təcrübə qazanması, həm də beynəlxalq arenada Azərbaycanın adını tanıtması baxımından uğurlu bir addım oldu. Təşkilatçılıq da yüksək səviyyədə idi və idmançılarımız güclü rəqiblərlə qarşılaşaraq bacarıqlarını nümayiş etdirdilər.

- ⁠İlk dəfə Azərbaycan fiqurlu konkisürənləri beynəlxalq yarışa qatıldılar. Debütü necə qiymətləndirərdiz?
- Bəli, ⁠bu yarış Azərbaycan və klubumuz üçün yeni tarix idi. İlk dəfə fiqurlu konkisürmə üzrə balaca idmançılarımız beynəlxalq səviyyədə özlərini sınadılar. Bu, bizim üçün həm qürurverici, həm də öyrədici bir təcrübə idi. İdmançılarımız öz potensiallarını nümayiş etdirdilər və bu sahədə gələcək uğurların təməlini qoydu.

- ⁠Turnirə necə hazırlaşmışdız?
- ⁠Hazırlıqlar uzun və gərgin məşqləri əhatə etdi. İdmançılarımız xarici mütəxəssislərin rəhbərliyi altında intensiv məşq proqramı keçdilər. Texniki bacarıqların təkmilləşdirilməsi, xoreoqrafiya üzərində işləmə və psixoloji hazırlıq xüsusi diqqət mərkəzində idi. Bundan əlavə, yarış şəraiti ilə tanış olmaq üçün kontrol məşqləri də təşkil etdik.

- Təmsilçilərimizdən Varvara Aleksandrova və Polina Oreşko balacaların mübarizəsində⁠ gümüş medal qazandılar. Nəticə sizi qane etdi?
- ⁠Bəli. Çünki əsas məqsədimiz medal qazanmaqla yanaşı, idmançılarımızın beynəlxalq səhnədə təcrübə qazanması idi. Debütə baxmayaraq, nümayiş etdirdiyimiz performans gözləntilərimizi doğrultdu. Əlbəttə ki, inkişaf üçün hələ çox iş var və qarşıdakı yarışlarda daha yüksək nəticələr əldə etməyi hədəfləyirik.

- ⁠Bu cür turnirlərin davamlı xarakter alması üçün idmançılarımızı qarşıda hansı yarışlar gözləyir?
- ⁠Bizi yaxın gələcəkdə daha çox regional və beynəlxalq turnirlər gözləyir. Bu yarışlarda iştirak edərək, idmançılarımız texniki və psixoloji cəhətdən daha da möhkəmlənəcəklər. Bundan əlavə, gənc idmançılar yetişdirmək üçün xüsusi proqramlar hazırlamağı və bu sahədə geniş iştirak təmin etməyi planlaşdırırıq. Məqsədimiz bu idman növünü ölkəmizdə populyarlaşdırmaq və dünya səviyyəsində rəqabət aparan bir komanda formalaşdırmaqdır.

Banuçiçək Hüseynli
İdman.biz