“Bizim xizək alpinistləri icması Şahdağı kəşf etməkdən çox məmnundur”.
İdman.biz xəbər verir ki, bunu Beynəlxalq Xizək Alpinizmi Federasiyasının baş katibi Jordi Kanals deyib.
O, “Şahdağ” Turizm Mərkəzində start götürən Dünya kuboku ilə bağlı ilk təəssüratlarını açıqlayıb. Kanals bildirib ki, yarış məkanı gözəl yerdədir və şəraiti də gözəldir: "Hər şey ən yüksək səviyyədə təşkil olunub. Yarışların əla səviyyədə keçirilməsi üçün bütün imkanlar var və əminəm ki, Şahdağda daha böyük yarışlar təşkil ediləcək”.
O əlavə edib ki, yarışda 26 ölkədən idmançılar iştirak edir: “Onlar üçün bu, mövsümün ilk dayanacağı və Olimpiya təsnifatının başlanğıcıdır. Xizək alpinizmində artıq müəyyən edilmiş tanınmış yerlər var. Onlardan biri Fransa Alplarında Kurşeveldir. Lakin Şahdağ da bu siyahıda öz layiqli yerini tuta bilər. Burada dünya və Avropa çempionatlarının keçirilməsi mümkündür”.
Zəki Feyzullayev
İdman.biz