“Bu turnirin təşkilində əsas hədəfimiz Azərbaycanda dağ xizəyinin inkişafı, dayanıqlılığının təmin edilməsidir”.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qış İdman Növləri Federasiyasının nümayəndəsi Kənan Quluzadə bu gün həvəskar xizəkçilər arasında start götürən Heydər Əliyev Kuboku ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, federasiyanın əsas strategiyası legionerlərin sayının azaldılması və yerli idmançılardan ibarət yığmanın formalaşdırılmasıdır: "Bu istiqamətdə görülən işlər artıq öz nəticəsini verir. Şahdağın ev sahibliyi etdiyi Dünya Kubokunda ölkəmizi yerli xizəkçilər təmsil etdilər. Onların hər biri yüksək perspektivə malikdirlər. Həvəskarlar arasında turnirdə iştirak edən azərbaycanlı idmançılardan da milli komandaya cəlb edilənlər olacaq".
Quluzadə Beynəlxalq Dağ Xizəyi Federasiyası ilə əməkdaşlığı genişləndirməyi, daha çox yerli və beynəlxalq yarışlar keçirməyi planlaşdırdıqlarını da diqqətə çatdırıb.
Qeyd edək ki, Heydər Əliyev Kubokunda müxtəlif yaş kateqoriyasında olan 50 uşaq birincilik uğrunda mübarizə aparır.
İdman.biz