“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.
İdman.biz xəbər verir ki, İngiltərə çempionu finalda “Fluminense”ni məğlub edib.
Səudiyyə Ərəbistanında keçirilən turnirin həlledici qarşılaşması 4:0 hesabı ilə yekunlaşıb. Nəticədə Pep Qvardiolanın yetirmələri 2023-ci ildə növbəti titulu qazanıblar. “Şəhərlilər” İngiltərə çempionu, İngiltərə kuboku, İngiltərə Liqa kuboku, UEFA Çempionlar Liqası və UEFA Superkubokunda qələbəni bayram ediblər.
“Mançester Siti” tarixində ilk dəfə dünya çempionu titulunu qazanıb. O, turnirdə qalib olan ikinci İngiltərə təmsilçisi olub. 2008-ci ildə “Mançester Yunayted” bu uğura imza atıb.
Avropa təmsilçiləri ardıcıl 11-ci dəfə dünya çempionatında birinci yeri tutublar. Sonuncu dəfə 2012-ci ildə Cənubi Amerika təmsilçisi “Korintians” (Braziliya) turnirin qalibi olub.
Qeyd edək ki, çempionat sonuncu dəfə hazırki formatda təşkil olunub. 2025-ci ildə ABŞ-da təşkil olunacaq turnirdə 32 klub yarışacaq.
Klublararası dünya çempionatı
Final
“Mançester Siti” (İngiltərə) – “Fluminense” (Braziliya) – 4:0
Qollar: Alvares, 1; 88. Nino, 27 (öz qapısına). Foden, 72
3-cü yer uğrunda matç
“Urava Red” (Yaponiya) – “Əl Əhli” (Misir) – 2:4
Qollar: Kante, 43. Şolz, 54 (pen.) – Yasser İbrahim, 19. Tau, 25. Koizumi, 60 (öz qapısına). Maalul, 90+8
İdman.biz