Kaxaber Tsxadadze: “Qarabağ"ı kənara qoyaq, onlar başqa səviyyədədir”

Xəbərlər
28 Fevral 2024 22:37
781
Kaxaber Tsxadadze: “Qarabağ"ı kənara qoyaq, onlar başqa səviyyədədir”

"Futbol 90 dəqiqə oynanılır. İlk 45 dəqiqədə yaxşı çıxış etdik. Daha sonra azlıqda qaldıq".

İdman.biz xəbər verir ki, bunu "Qəbələ"nin yeni baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış oyunda "Qarabağ"a 0:4 hesablı məğlubiyyəti şərh edib: "İki gündür gəlmişik. Çalışdıq ki, bütün oyunçulara şans verək. Bu gün ilk hissədə göstərdiyimiz oyunu digər matçlarda 90 dəqiqə göstərsək, yaxşı nəticələr olacaq. Bəzi qol imkanlarımız var idi. Rəqibin vurduğu üç qolu hədiyyə etdik. "Qarabağ" səhvləri bağışlamır. Düşünürəm ki, komanda yaxşı pressinq etdi. Oyunçular başa düşməlidir ki, "Qəbələ" böyük klubdur, burada hər şey yüksək səviyyədədir. Bura gəlmişik ki, komandanı hazırkı vəziyyətdən çıxaraq. İlk hissə yaxşı idi, ikinci hissədə rəqibə üç qol hədiyyə verdik. Necə ola bilər ki, öz qapında təhlükə yaradırsan və rəqib gəlib qol vurur? "Qarabağ"a qarşı çoxlu qol imkanları yaratmaq çətindir. Bu oyunu unutmalıyıq. Çalışmalıyıq".

Kaxaber Tsxadadze "Qəbələ"yə təyinatı ilə bağlı da danışıb. Gürcü məşqçi ona son məğlubiyyətdən sonra zəng olunduğunu deyib: "Hər şeyə hömətlə yanaşırıq. And içə bilərəm ki, mənə "Qəbələ"dən zəng son məğlubiyyətdən sonra gəlib. Orada da heç bir maddiyat söhbəti olmadı. Bura gəlmişəm ki, vəziyyəti düzəldim. Komandanın 5 oyununu izləmişəm. İki gündür çalışırıq. Bunun da nəticəsini az da olsa, görə bildik. İşləmək, işləmək və işləmək lazımdır. Bura mənim üçün doğma yerdir. Səkkiz il Azərbaycanda çalışmışam. Həmişə çempionatı izləmişəm. "Qarabağ"ı bir kənara qoyaq, onlar başqa səviyyədədir. İki oyun da udsalar, çempion olurlar. Ölkədə infrastruktur inkişaf edib, yaxşı meydançalar var. Yaxşı stadionların çox olması futbolun inkişafı üçün vacibdir".

Qeyd edək ki, Kaxaber Tsxadadze "Qəbələ"nin baş məşqçi kimi 2023/2024 mövsümündəki debüt matçında "Qarabağ"a 0:4 hesabı ilə uduzub.

İdman.biz