Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan "Jirona" qısa müddətdə rekordla yadda qalıb.
İdman.biz xəbər verir ki, debütant keçirdiyi 4 oyunda 4 dəfə topu öz qapısından keçirib.
İlk turda PSJ (0:1) ilə qarşılaşmanın son dəqiqələrində İspaniya təmsilçisinin qapıçısı Paulo Qazzaniqa avtoqola imza ataraq rəqibə 3 xal qazandırıb. Növbəti turda “Feyenoord”la (2:3) görüş "Jirona" üçün daha acınacaqlı alınıb. Yangel Herrara və Ladislav Kreyçinin topa uğursuz toxunuşu qonaq komandanın qələbəsində müstəsna rol oynayıb.
"Jirona"nın futbolçuları yalnız 3-cü turda qapıların yerini səhv salmayıblar ki, bu, onlara "Slovan"la (Bratislava) ilə matçda Çempionlar Liqasında 2:0 hesablı ilk qələbə sevincini yaşadıb. Amma iki gün əvvəl PSV (0:4) ilə görüşdə komandanın yenə pis vərdişi işə düşüb. Çexiyalı Kreyçi növbəti dəfə adını xoşagəlməz mənada tabloya yazdırıb.
Ümumiyyətlə, "Jirona" turnirdə ardıcıl iki oyunda topu öz qapısına vuran ilk komanda olub (PSJ və "Feyenoord"la matçlar). Bundan başqa, İspaniya klublarının qapıçıları arasında da ilk avtoqol da məhz Qazzaniqanın "ayağı"na yazılıb.
ÇL-də bir mövsümdə avtoqol sayı ilə bağlı bundan əvvəlki uğursuz rekord rekord "Fənərbaxça"ya məxsus olub. Türkiyə təmsilçisi 2007/2008 mövsümündə 3 dəfə topu öz qapısından keçirib. O vaxt İstanbul təmsilçisinin braziliyalı futbolçuları avtoqolla yadda qalıblar: Edu 2, Deyvid isə bir dəfə bu şansızlığı yaşayıblar.
İdman.biz