60-a yaxın klubun Avropa Superliqasında iştirak üçün maraqlandığı xəbərləri yayılıb.
İdman.biz xəbər verir ki, məlumat İspaniya mətbuatında yer alıb.
Bu ideyanın əsas dəstəkçisi Florentino Peres az əvvəl "Real"ın keçirilən baş assambleyasında turnirin təşkili istiqamətində işlərin davam etdirildiyini bildirib. Superliqanın təşkilatçılarının 100-dən çox klubla danışıqlar apardığı və onlardan təxminən 60-nın bu təklifə müsbət cavab verdiyi vurğulanıb.
Superliqa formatına görə, komandalar 3 diviziona bölünəcəklər. Əsas liqada ("Ulduz") "Böyük beşlik" ölkələrindən 16 klub çıxış edəcək. İkinci liqada ("Qızıl") 16, üçüncü liqada ("Göy") isə 32 komanda yarışacaq. Qaydalara görə, 20 komanda liqanı tərk edəcək.
Qeyd edək ki, Superliqa 12 klubun iştirakı ilə təşkil olunub. UEFA-nın təzyiqindən sonra əksər klublar təşkilatı tərk etsələr də, yalnız "Real" və "Barselona" bu addımı atmayıb.
İdman.biz