Braziliya yığması baş məşqçini istefaya göndərib

Xəbərlər
28 Mart 2025 21:04
51
Braziliya yığması baş məşqçini istefaya göndərib

Braziliya yığması baş məşqçi Dorival Juniorla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə ölkənin UOL nəşri məlumat yayıb.

Braziliya Futbol Konfederasiyasının (CBF) 62 yaşlı mütəxəssisi istefaya göndərdiyini yazıb. Qurum DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesablı məğlubiyyətdən sonra bu qərarı çıxarıb. Braziliyalılar Cənubi Amerika seçmə zonasında 14 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıblar.

Ötən ilin yanvarından "sambaçılar"a başçılıq edən Dorival komandanı 16 oyunda meydana çıxarıb. Bu görüşlərdə Braziliya millisi 7 qələbə qazanıb, 7 dəfə heç-heçə oynayıb, iki dəfə uduzub. "Pentakampeonlar" ötən il Amerika kubokunun 1/4 finalında mübarizəni dayandırıblar.

Qeyd edək ki, Braziliya millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd kimi Karlo Ançelotti və Jorje Jezuş kimi mütəxəssislərin adları çəkilir.

İdman.biz