Xetaq Qazyumov: “Həm sevinməli, həm də düşünməli məqamlar var” - MÜSAHİBƏ

Müsahibə
22 Dekabr 2023 10:12
1 066
Xetaq Qazyumov: “Həm sevinməli, həm də düşünməli məqamlar var” - MÜSAHİBƏ

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qzyumovun İdman.biz saytına müsahibəsi

- Sərbəst güləş üzrə Azərbaycan çempionatı başa çatdı. Sizi ən çox sevindirən və təccübləndirən idmançılar kimlər oldu?

- 61 kq çəki dərəcəsində rəqabət pis deyildi. Yeni adlar gördük. Qızıl medalı qazanan Nurəddin Novruzov və finalda məğlub etdiyi Ruslan Abdullayevi qeyd edə bilərəm. Yaxşı güləşdilər. Çox bəyəndim. Eyni zamanda, bu çəkidə ilk “üçlük”də yer alan hər bir idmançı yaxşı təsir bağışladı. 65 kq-da Zirəddin Bayramov mükafatçılar sırasına düşdü. Əli Rəhimzadə qızıl medal qazanmaqla göstərdi ki, bu çəkinin lideridir. 70 kq-da olan idmançılar da çox möhkəmdir. 74 kq-da Cəbrayıl Qajıyev çempion olaraq sübut etdi ki, liderlərdən biridir. Biz onu bundan sonra da yoxlayacağıq. Turan Bayramov beynəlxalq arenada özünü daha yaxşı göstərir. Cəbrayıldan da bunu gözləyirik. 79-kq-da hərbçilərin dünya çempionatının qalibi olan Orxan Abasov da sözünü dedi. O, gənclər arasında dünya çempionatının mükafatçısı Ali Tsokayevi məğlub etdi. Əşrəf Aşırovu da qeyd etməliyəm. 86 kq-da Maqommed-Taxir Xanıyev yaxşı çıxış etdi.

- Bəs sizi məyus edən məqamlar hansılar oldu?

- Bəzi çəkilərdə daha gərgin mübarizə gözləyirdim. Ağır və orta ağır çəkidə rəqabət çox aşağıdır. 57 kq-da İslam Bazarqanov qalib oldu. İstəyərdik ki, yeni adları görək. İslamın rəqibi Elman Ağayev pis deyildi. 97- kq-da Hacımurad Maqomedsaidov, 125 kq-da Vahid Qalayevin rəqibi yoxdur. Gənc idmançılar var, amma onların təcrübəsi azdır. Həm sevinməli, həm də düşünməli məqamlar var.

- Milli komandamızın bəzi aparıcı güləşçilərinin də iştirakı Azərbaycan çempionatında rəqabəti daha da artırmazdı?

- Bəli, Hacı Əliyev və Əliabbas Rzazadə çıxış etmədi. Onlar bizim liderlərdir. Bu güləşçilər rəqabəti bir qədər də artıra bilərdilər. Amma təssüf ki, müxtəlif səbəblərdən biz onları izləyə bilmədik.

- Hazırda idmansevərləri düşündürən vacib məqam Paris-2024 Yay Olimpiya Oyunlarına qazanılacaq lisenziyalardır. Sərbəst güləşdə 1 vəsiqə var. Sizcə, bu sayı maksimum neçə edə biləcəksiz?

- Biz maksimum dərəcədə çox lisenziya əldə etməyə çalışacağıq. Amma ehtimal etməyəcəm. Söz verə bilərəm ki, maksimum lisenziya əldə etmək üçün əlimizdən gələni edəcəyik. Bakıda və İstanbulda keçiriləcək təsnifat yarışlarında bütün gücümüzü ortaya qoyacağıq.

- Milli komandanın lideri Hacı Əliyevdən gözləntiləriniz nədir?

- Hacı Əliyev əfsanədir. Hansı ki, Azərbaycan idmanına adını qızıl hərflərlə yazıb. Hərbçilərin son dünya çempionatında qalib adını qazandı. Biz planlaşdırırıq ki, Olimpiya təsnifat yarışlarının təlim-məşqlərinə onu cəlb edək. Ümid edirəm ki, bu yarışlara qədər o formasının ən maksimumuna çatacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: